17-ci dəfə keçirilən Avropa çempionatlarında 16-cı dəfə yarımfinal qarşılaşmaları baş tutacaq. 11-ci dəfə yarımfinalçılar bu hüququ final mərhələsindəki çıxışları ilə əldə ediblər.

İdman.biz Avropa çempionatlarının tarixinə nəzər salaraq, bu mərhələnin rekordçularını üzə çıxarıb.

İlk 5 çempionatda final mərhələsi birbaşa yarımfinaldan başlayıb. 1980-ci ildə isə yarımfinal oyunları olmayıb. Qrup qalibləri birbaşa finala adlayıblar.

İndiyədək ən çox yarımfinalda oynayan komanda Almaniyadır. 14-cü dəfə qitə yarışının final mərhələsində çıxış edən Bundestim 8 dəfə yarımfinalda oynayıb. Son dəfə 2016-cı ildə bu mərhələdə oynamış rekordçu, artıq ardıcıl 3 çempionatdır ki ilk “4-lüy”ə daxil ola bilmir.

Fransa, İspaniya və Niderland yığmaları 6-cı dəfə yarımfinalda oynayacaqlar. İtaliya və Portuqaliya da onlar kimi indiyədək 5 dəfə bu mərhələdə oynasalar da, bu dəfə iddiadan erkən əl çəkərək 6-cı cəhdi növbəti çempionata saxlayıblar. İngilislər Almaniyada 4-cü yarımfinallarını yaşayacaqlar.

5 dəfə yarımfinalda oynamış SSRİ yığması isə artıq 30 ildən çoxdur ki, ölkə dağıldığından bu statistikanı artırmaq imkanını itirib. Bununla belə Sovet yığması qitə çempionatlarının bir sıra unikal rekordlarına sahibdir. 5 yarımfinalda 1 qol belə buraxmayan komanda ilk 4 Avropa çempionatında ardıcıl olaraq (1960-1972) bütün yarımfinallarında qapısını toxunulmaz saxlayıb.

Başqa heç bir yığma ardıcıl 4 dəfə yarımfinala çıxmayıb. Ardıcıl 3 yarımfinalı Almaniya 2 dəfə (1988-1996, 2008-2016) yaşayıb.

Yarımfinaldan finala ən çox adlayan komanda Almaniyadır – 5 dəfə. Ancaq 90 dəqiqəyə bu məsələni ən çox həll edən komanda SSRİ-dir. Sovet yığması 4 dəfə işini 90 dəqiqəyə həll edib və yeganə məğlubiyyəti də 1968-ci ildə 0:0 başa vurduğu oyunda püşk vasitəsi ilə alıb.

Almanlar 5 yarımfinal qələbəsinin 3-nü əsas, 1-ni əlavə vaxtda, 1-ni penaltilərdə əldə ediblər. İspaniya 4 qələbədən 1-ni əsas, 1-ni əlavə vaxtda 2-ni penaltilərdə, İtaliya 1-ni əsas vaxtda, 2-ni penaltilərdə, 1-ni püşkdə əldə edib.

Yarımfinalda ən böyük penalti təcrübəsi ispanlardadır. Pireneylilər 3 seriyadan 2-də qalib gəliblər. İtaliya hər iki cəhdində uğurlu olub, Niderland isə hər iki “lotereya” şansını qaçırıb.

İtaliya 5 yarımfinalının ilk 3-dən 2-sində finala adlamasına baxmayaraq, bu matçlarda qol vura bilməyib. Bu oyunlarda onların köməyinə 1 dəfə püşk, 1 dəfə penaltilər çatıb. İtalyanların yarımfinalda ilk qolunu 4-cü cəhddə (2012) Mario Balotelli vurub.

Finalın bir addımlığında yolu ən çox kəsilən komanda Niderlanddır. Bu mərhələdə 5 cəhdindən 4-də yolunu dayandıran “narıncılar” onun 1-də 90 dəqiqədə təslim olub, 1-də əlavə vaxtda, 2-də 11-metrliklərdə. 90 dəqiqəyə ən çox uduzan almanlardır – 3 dəfə.

Ümumiyyətlə, indiyədək yarımfinallarda 19 komanda oynayıb.
Bu mərhələdə qol sayında Almaniya 15 topla liderdir. Ən çox top buraxan da Bundestimdir – 14. Bu komanda iştirak etdiyi 8 yarımfinalın hamısında qapısında qol görüb.

Böyükhesablı qələbəni yalnız SSRİ Çexoslovakiya (1960) və Danimarka (1964) üzərində qazanıb. Hər iki oyun 3:0 hesabı ilə nəticələnib.

Ən çox qol ilk çempionatda Yuqoslaviyanın Fransanı 5:4 hesabı ilə yendiyi oyunda vurulub.

Yarımfinalların bombardiri sovet futbolçusu Valentin İvanov və alman Diter Müllerdir. İvanov bunu iki çempionatda edibsə (1960 – 2 qol, 1964 – 1 qol), Müller bir oyunda edib. 1976-cı il yarımfinalında yuqoslavlara qarşı oyunda 80-ci dəqiqədə meydana çıxan alman futbolçu het-trikini 1 dəqiqə sonra 1 qol, əlavə vaxtda isə 2 qol vurmaqla edib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *