Qlazqo Universitetinin alimləri itkin düşmüş şəxslərin yerini proqnozlaşdırmaq üçün yeni bir metod hazırlayıblar. Bu yanaşma, real hadisələrin analizinə əsaslanan davranış modellərinə söykənir. Alimlər tərəfindən yaradılan xüsusi süni zəka agentləri itkin şəxslərin psixoloji reaksiyalarını imitasiya edərək, mümkün axtarış zonalarının istilik xəritələrini tərtib edir. Bu da axtarış-xilasetmə qruplarına resurslardan daha səmərəli istifadə etməyə imkan verir.
Yeni texnologiya pilotsuz uçuş aparatlarına inteqrasiya edilərək dağlıq ərazilərdən tutmuş cəngəlliklərə və səhralara qədər müxtəlif mühitlərdə effektiv axtarış aparmağa şərait yaradır. Alimlər bu məqsədlə keçmişdə itkin düşmüş insanların davranışları barədə məlumatları təhlil ediblər.

Bu araşdırmalar əsasında süni zəka agentləri formalaşdırılıb. Agentlərin davranışı müxtəlif psixoloji vəziyyətləri əks etdirən alqoritmlər vasitəsilə, ixtisaslaşmış submodellər tərəfindən idarə olunur. Hər submodel müəyyən bir məqsədə xidmət edir — məsələn, su mənbələrini, meşəlik sahələri, tikililəri, cığır və yolları tapmaq. Agentlər öz hərəkət istiqamətlərini cari mövqeləri və üstünlük verdikləri ərazilərin xüsusiyyətlərinə əsaslanaraq müəyyənləşdirirlər. Onlara qərar verməkdə yardımçı olan sistem, itkin düşmüş şəxslərin adətən harada tapıldıqları və son dəfə görüldükləri nöqtədən nə qədər uzaqlaşdıqları kimi məlumatlardan istifadə edir.
Lakin bu sahədə məlumatlar kifayət qədər deyil, çünki axtarış qrupları əsasən insan həyatını xilas etməyə yönəlib, məlumat toplamağa yox. Buna görə də tədqiqatçılar mövcud araşdırmalardan faydalanaraq itkin düşmüş insanların davranış və motivasiyalarını daha dərindən anlamağa çalışıblar.
Sınaqlar çərçivəsində alimlər süni zəka agentlərini Şotlandiyanın qərb sahillərində yerləşən Arran adasının rəqəmsal modeli üzərində müxtəlif başlanğıc nöqtələrindən hərəkətə buraxıblar. Nəticələr isə olduqca maraqlı olub: Agentlərin yaratdığı ehtimal xəritələri — yəni onların ola biləcəyi ehtimal olunan yerlər — real həyatda itkin düşmüş şəxslərin tapıldığı ərazilərlə demək olar ki, tam üst-üstə düşüb. Bu isə süni zəka agentlərinin davranışlarının real insan davranışlarına bənzədiyini göstərir.
Bu texnologiyanın əsas üstünlüyü onun universallığı və müxtəlif mühitlərə uyğunlaşa bilməsidir. İtkin düşmüş insanların psixologiyasının modelləşdirilməsinə əsaslanan bu metod dünyanın istənilən nöqtəsində — dağlıq ərazilərdə, cəngəlliklərdə və ya səhralarda — axtarış-xilasetmə əməliyyatlarında geniş tətbiq oluna bilər. Alimlər bu texnologiyanı yaxın gələcəkdə pilotsuz uçuş aparatları ilə birləşdirməyi planlaşdırırlar.