Kia Nyu-York Beynəlxalq Avtosalonunda yeni tam elektrikli sedan modeli EV4-ü təqdim edib. Yaxşı təchiz olunmuş və texnoloji baxımdan inkişaf etdirilmiş bu modelin ABŞ bazarında təxminən 35,000 dollar qiymətinə satışa çıxarılması planlaşdırılır. My-news.az Technote.az-a istinadən məlumat verir ki, EV4, Tesla Model 3-ə rəqib kimi nəzərdə tutulur.
Kia Americanın icraçı vitse-prezidenti Steven Center EV4-ün elektrikli avtomobilləri daha əlçatan və praktik edən model olduğunu bildirib. Lakin ABŞ-da tətbiq olunacaq 25%-lik idxal rüsumları bu qiymətə təsir göstərə bilər.

Model Cənubi Koreyada istehsal ediləcək və ABŞ-da satışlara 2026-cı ilin ilk rübündə start veriləcək. EV4-ün aerodinamik müqavimət əmsalı 0.23 təşkil edir ki, bu da Tesla Model 3 ilə eynidir.
Texniki xüsusiyyətlərə 150 kVt gücündə mühərrik, 427 km və 531 km yürüş məsafəsi (modeldən asılı olaraq), 30 dəqiqəyə sürətli enerji yığımı, və i-Pedal 3.0 enerji bərpa sistemi daxildir.

Avtomobil həmçinin futuristik interyer, iki ekranlı idarəetmə paneli, Apple CarPlay, Android Auto dəstəyi və süni intellekt köməkçisi ilə təchiz olunub. EV4-də Highway Driving Assist, ADAS kimi qabaqcıl təhlükəsizlik və sürücüyə yardım sistemləri də mövcuddur.

Model artıq Cənubi Koreyada satışa çıxarılıb, Avropaya çatdırılması ilin sonuna, ABŞ-da satışların isə 2025-ci ilin sonu – 2026-cı ilin əvvəllərinə planlaşdırılır.