Neyroloqlar, süni zəka və beyin implantlarının kombinasiyası ilə danışa bilməyən insanlara səs vermək istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər.
Kaliforniya Universitetinin neyrocərrahı Edvard Chang və komandası 18 il danışa bilməyən iflic olmuş qadının beyin siqnallarını analiz edərək süni nitq yaradıblar. Pasiyent səssiz şəkildə 1024 sözlü cümlələri tələffüz etməyə çalışaraq neyron şəbəkəni öyrədib. Bu sayədə nitq sintezi prosesi əvvəlki 8 saniyədən 1 saniyəyə qədər qısaldılıb, sistemin sürəti dəqiqədə 47.5 sözə çatıb. Bu göstərici normal danışığın üçdə birinə bərabərdir.

My-news.az Arstechnisa-ya istinadən xəbər verir ki, eyni istiqamətdə fəaliyyət göstərən Precision Neuroscience şirkəti isə daha sıx yerləşdirilmiş elektrodlarla yüksək dəqiqlikli beyin siqnallarını toplayaraq texnologiyanı təkmilləşdirmək üzərində çalışır. Şirkət artıq 31 pasiyent üzərində testlər aparıb və sensorların bədəndə 30 gün qalmasına dair icazə alıb.
Araşdırmalar süni nitqin gələcəkdə autizm və digər danışıq pozuntusu olan şəxslərə də yardımçı ola biləcəyini göstərir. Lakin sistemlərin geniş tətbiqi üçün əsas maneə – pasiyentlərin uzunmüddətli öyrədilmə prosesidir. Əgər müxtəlif insanlarda beyin siqnalları oxşar olarsa, əvvəlcədən hazırlanmış modellərlə bu müddət qısaldıla bilər.
Alimlər həmçinin daxili düşüncələrin deşifrə olunmasının etik risklərinə diqqət çəkirlər. Səsin tonu, ritmi və emosional çalarları üzərində tam nəzarətin yaradılması hələlik mümkün olmasa da, tədqiqatçılar gələcəkdə bu imkanların da daxil olduğu səs neyroprotezləri hazırlamağı qarşıya məqsəd qoyublar.