OpenAI nümayəndəsi məhkəmədə bildirib ki, əgər Google Chrome brauzerini satmağa məcbur edilərsə, şirkət onu almağa maraqlıdır. Bu açıqlama, ABŞ-ın Google-a qarşı açdığı antiinhisar işi çərçivəsində verilib. Hakimiyyət orqanları hesab edir ki, Chrome-un ayrılması Google-un axtarış bazarındakı dominant mövqeyini zəiflədə bilər.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, hakim Amit Mehta əvvəlcə Google-u onlayn axtarışda monopolist kimi tanıyıb və indi şirkətin təsirini məhdudlaşdırmaq üçün tədbirlər nəzərdən keçirilir. Google bu qərardan apellyasiya verməyə hazırlaşır. Lakin məhkəmə Chrome-un satışına qərar verərsə, OpenAI potensial alıcı olacaq.
Bundan əlavə, OpenAI ötən il Google ilə tərəfdaşlıq etməyə çalışıb, məqsəd ChatGPT-nin axtarış texnologiyalarından istifadə etməsi idi. Hal-hazırda, OpenAI Bing axtarış sistemindən istifadə edir, amma şirkət “axtarış xidmətlərinin keyfiyyətində ciddi problemlər yaşayır.” OpenAI-nin məhkəməyə təqdim etdiyi məktubda deyilir: “Google ilə əməkdaşlıq məhsulumuzu yaxşılaşdırmağa kömək edərdi”, amma Google bu təklifi qəbul etməyib. OpenAI hələ öz axtarış sistemini inkişaf etdirir, amma 2025-ci ilə qədər ChatGPT-nin 80%-ə yaxın sorğusunu öz axtarış sisteminə yönəltmə planı çox optimist görünür və buna yalnız bir neçə ildən sonra nail olunacaq.
Mütəxəssislər hesab edir ki, OpenAI-nin Chrome-a marağı yalnız axtarışla bağlı deyil, həm də uzunmüddətli strategiyadır. Brauzerə sahib olmaq, şirkətə istifadəçilərə və onların məlumatlarına birbaşa çıxış imkanı verərdi, bu da ona Google və Microsoft ilə rəqabətdə üstünlük qazandıra bilərdi. Hazırda hakim qərar verməlidir: Google-un məcburi bölünməsi baş tutacaqmı və Chrome müstəqil aktivə çevriləcəkmi? Əgər Chrome satılsa, OpenAI əsas iddiaçılardan biri olacaq, amma bazardakı digər iri şirkətlər arasında ciddi rəqabət gözlənilir.