Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Pekin Xarici Tədqiqatlar Universitetinə səfər edib.
My-news.az Day.Az-a istinadən xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva universitetin vitse-rektoru Gao Gang və burada Azərbaycan dilini öyrənən çinli tələbələrlə görüş keçirib. Görüş zamanı Azərbaycan və Çin arasında əlaqələrin inkişafında gənclərin rolundan, eləcə də hər iki ölkənin təhsil sistemində bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs olunub.
Pekin Xarici Tədqiqatlar Universitetinin Azərbaycan dilçiliyi kafedrasının, Azərbaycan mədəniyyətinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində gördüyü işlərin əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, bu ali təhsil müəssisəsində Azərbaycan dili üzrə mütəxəssislər yetişdirilir və tədris planında Azərbaycan dili ilə yanaşı, ölkəmizin tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı mövzulara da yer ayrılıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondu ilə Pekin Xarici Tədqiqatlar Universiteti arasında demək olar ki, on ildir davam edən əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr reallaşdırılıb. Xüsusilə, 2019-cu ildən etibarən Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çin dili kursları təşkil olunur.
Görüş zamanı bu il Heydər Əliyev Fondu ilə Pekin Xarici Tədqiqatlar Universiteti arasında Anlaşma Memorandumunun imzalanması barədə qərar qəbul olunub.
Daha sonra universitetin Azərbaycan dilçiliyi kafedrası ilə tanışlıq baş tutub. Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti və bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan tədbirlər barədə məlumat verib. O, Fondun Çin dilində nəşrlərinin müxtəlif sahələrdə, xüsusən də Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.


