“Technofest” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı yenidən Azərbaycanda keçirilə bilər.
My-news.az Report.az-a istinadən xəbər verir ki, bunu “Technofest”in İdarə Heyətinin sədri, «Baykar» şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
O bildirib ki, festivalın türk dünyasında, xüsusilə də qardaş ölkələrdə təşkili planlaşdırılır.
“Türk kimi ən yaxşısını yaratmaq hissini yaşamaq və müstəqillik uğrunda belə tədbirlərin keçirilməsi çox vacibdir. Bu səbəbdən artıq 11-ci dəfədir ki, ‘Technofest’ həyata keçirilir. Festival ölkələr arasında mədəni və texnoloji mübadilənin aparılmasında mühüm rol oynayır,” – deyə Selçuk Bayraktar qeyd edib.
Hazırda Şimali Kiprin paytaxtı Lefkoşada keçirilən sayca 11-ci “Technofest” festivalı mayın 4-nə qədər davam edəcək. Tədbir yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi, eləcə də Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) tərəfindən dəstəklənir.