Apple-ın ilk qatlana bilən iPhone modelinin 2026-cı ildə təqdim olunacağı gözlənilir. Şirkət bu cihazın hazırlanmasına ciddi yanaşır və bu sahədə bazar liderliyini hədəfləyir. İnsayderlərin paylaşdığı məlumata əsasən, artıq cihazın əsas texniki xüsusiyyətləri bəllidir.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, Bloomberg saytının tanınmış insayderi Mark Gurman bu modelin iki əsas üstünlüyə sahib olacağını qeyd edib. Birinci üstünlük ekranlar arasında qatlanma izinin demək olar ki, görünməz olmasıdır. Apple bunun üçün ciddi texnoloji səylər göstərir ki, nəticədə istifadə təcrübəsi daha təbii olacaq.
İkinci üstünlük isə cihazın xüsusi möhkəmliyə malik şarnir konstruksiyasıdır. Çinli analitik Ming-Chi Kuo bu şarnirin maye metaldan hazırlanacağını bildirib. Hal-hazırda digər brendlər bu materialdan istifadə etmir və Apple-ın bu addımı gələcəkdə bu sahənin inkişafına təsir edə bilər.
Maye metal yüksək möhkəmlik, elastiklik və aşınmaya davamlılıq xüsusiyyətləri ilə qatlana bilən smartfonlar üçün ideal material sayılır.
Cihazın satış qiymətinin 2100–2300 dollar aralığında olacağı proqnozlaşdırılır ki, bu da onu seqmentində ən bahalı modellərdən birinə çevirir. Müqayisə üçün, Samsung Galaxy Fold 6 1900 dollar, Google Pixel 9 Pro Fold isə 1800 dollara satılır. iPhone 16 Pro Max modelinin isə başlanğıc qiyməti 1199 dollardır.
Ming-Chi Kuoya görə, qatlana bilən iPhone-un 7.8 düymlük daxili və 5.5 düymlük xarici ekranı olacaq, daxili ekranda isə qatlanma izi görünməyəcək. Qapalı halda 9–9.5 mm, açıq vəziyyətdə isə 4.5–4.8 mm qalınlıqda olacaq. Cihaz titan ərintisindən hazırlanmış gövdəyə, ikili arxa və tək ön kameraya malik olacaq.
Apple bu modelin kütləvi istehsalına 2026-cı ilin dördüncü rübündə başlamağı planlaşdırır.