Mayın 24–25-də Bakıda kişi və qadınlar arasında keçiriləcək 3×3 basketbol üzrə dünya çempionatının seçmə mərhələ oyunlarında azərbaycanlı hakimlər iştirak etməyəcək.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Liqasının Hakimlər Komitəsinin sədri Ələkbər Həsənov məlumat verib. O bildirib ki, daha əvvəl ölkəmizdən iki referi 3×3 basketbol üzrə beynəlxalq hakimlik lisenziyasına malik olub. Onun sözlərinə görə, 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunları zamanı özü və Ruslan Xalıqov bu lisenziyanı əldə ediblər. Lakin son 5–6 il ərzində beynəlxalq təyinatların olmaması səbəbilə yeni lisenziya üçün müraciət edilməyib.
Ələkbər Həsənov həmçinin əlavə edib ki, yarışda iştirak edəcək hakimlərin adları turnirin başlanmasından bir həftə əvvəl məlum olacaq.
Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan millisi seçmə mərhələdə B qrupunda Kanada və Böyük Britaniya, kişilərdən ibarət kollektiv isə Latviya və Misir yığmaları ilə qarşılaşacaq.