YouTube platformasında videolardakı ən parlaq və emosional anlardan dərhal sonra reklamlar göstərilməyə başlayacaq. Bu yeni hədəfləmə formatı Peak Points adlanır və videoları analiz edərək izləyicinin diqqətini və emosional reaksiyasını ən çox cəlb edən səhnələri müəyyən etmək üçün Gemini süni intellekt sistemindən istifadə edir. Məsələn, kulminasiya anları və emosional epizodlar bu kateqoriyaya aiddir. Belə bir məqam başa çatan kimi reklam nümayiş olunacaq.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, Peak Points formatı Nyu-Yorkda keçirilmiş Upfront tədbirində təqdim edilib.
YouTube hesab edir ki, «pik nöqtələrdən» dərhal sonra göstərilən reklamlar daha yadda qalan olacaq. Çünki həmin anlarda izləyicilər kontentə maksimum diqqətlə yanaşır və emosional olaraq cəlb olunmuş olurlar. Bu yanaşma emosional hədəfləmə (emotional targeting) strategiyası ilə müqayisə olunur. Bu strategiyada reklamverənlər reklam məzmununu videonun əhval-ruhiyyəsinə uyğun şəkildə təqdim etməyə çalışırlar.
Bununla belə, yeni formatın birmənalı qarşılanmadığı da bildirilir. Reklamın videonun ən maraqlı və emosional məqamında göstərilməsi bütün istifadəçilərin xoşuna gəlməyə bilər. Bir çox izləyici, xüsusilə emosional məzmunlu videolara baxarkən kəsintisiz izləməyi üstün tutur.
Hazırda Peak Points reklamlarının adi reklamlar kimi söndürülüb-söndürülə bilməsi və ya ötürülməsi ilə bağlı konkret məlumat yoxdur.
Eyni zamanda, YouTube istifadəçilər üçün daha cəlbedici hesab etdiyi başqa bir yeniliyi də təqdim edib: birbaşa reklam içində alış-veriş lentləri. Bu formatda istifadəçi videoya baxarkən başqa sayta keçmədən məhsulu birbaşa platformada ala biləcək. Şirkətin fikrincə, bu yanaşma həm reklamverənlər, həm də istifadəçilər üçün daha əlverişlidir.