«Formula 1″in Azərbaycan Qran Prisi «Sea Breeze» kurort kompleksinin bir hissəsi kimi, od formasında yaradılacaq süni adaya köçürülə bilər.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə azərbaycanlı iş adamı Emin Ağalarov «Rusiya – İslam Dünyası: Kazanforum 2025» Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya Baş nazirinin müavini Marat Xusnullinlə görüşdə layihənin təqdimatı zamanı danışıb.
“Bu ideya Azərbaycan Prezidenti tərəfindən də dəstəklənir,” – deyə Emin Ağalarov bildirib.
Onun sözlərinə görə, od formasında nəzərdə tutulan süni ada layihə çərçivəsində inşa olunacaq ikinci ada olacaq. Birinci süni ada aypara formasındadır və artıq onunla bağlı tikinti işləri aparılır.
Emin Ağalarov qeyd edib ki, Formula 1 marşrutunun yeni adaya köçürülməsi Bakıda yol bağlanmaları və tıxaclarla bağlı mövcud problemlərin aradan qaldırılmasına kömək edəcək.
Qeyd edək ki, Bakı şəhəri 2017-ci ildən etibarən «Formula 1» yarışlarına ev sahibliyi edir.