1-ci Liqanı tərk etməsi artıq 26-cı turda rəsmiləşən “Qaradağ Lökbatan” futbol klubu yaxın zamanda fəaliyyətini dayandıracaq.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, klub rəhbərliyi məşqçi heyətini və futbolçuları «Karvan»la keçirilən və 2:2 hesabı ilə başa çatan oyundan sonra bu qərar barədə məlumatlandırıb.
Klub funksionerləri görüş zamanı mövcud vəziyyətlə bağlı danışaraq, növbəti mövsümdə 2-ci Liqada iştirak etməyəcəklərini bildiriblər. Onların sözlərinə görə, artıq 1-ci Liqada yerini qoruya bilməyən komandaya vəsait ayırmaq niyyətində deyillər.
“Qaradağ Lökbatan” aşağı dəstənin ən təcrübəli iştirakçılarından biri sayılır. Qəsəbə təmsilçisi ardıcıl olaraq 16 mövsüm bu liqada çıxış edib.
Komanda 2009/10 mövsümündə “Neftçi” İSM adı ilə yarışlara qoşulmuş, iki ildən sonra isə “Qaradağ Lökbatan” adını almışdı. Aşağı dəstədə ən uğurlu komandalardan hesab olunan klub ötən mövsüm son tura qədər çempionluq uğrunda mübarizə aparsa da, Premyer Liqaya vəsiqəni “Şamaxı” ilə rəqabətdə itirmişdi.
Klub ümumilikdə 7 dəfə mükafatçılar sırasında yer alıb. 2011/12 və 2021/22 mövsümlərində çempion olsa da, Premyer Liqada iştirak üçün lisenziya ala bilməyib. 2012/13, 2015/16, 2017/18 və 2023/24 mövsümlərində ikinci, 2013/14 mövsümündə isə üçüncü yeri tutub.
“Qaradağ Lökbatan” daha əvvəl 2019/20 mövsümündə də sonuncu pillədə qərarlaşmışdı. Lakin həmin vaxt pandemiya səbəbindən çempionat yarımçıq qaldığı və 2-ci Liqa fəaliyyət göstərmədiyi üçün komanda aşağı dəstəyə düşməmişdi.
Qeyd edək ki, Bakı təmsilçisi səfərdə “Karvan”la 2:2 hesablı heç-heçə etdikdən sonra, son tur öncəsi sonuncu yeri rəsmiləşdirib. Hazırda 23 xalı olan “Qaradağ Lökbatan” “Difai” və “Cəbrayıl”dan 3 xal geri qalır. Mövsüm sonunda xallar bərabər olarsa, qələbə sayı əsas götürüldüyündən, komandanın digər rəqiblərini geridə qoymaq şansı qalmayıb.
