Xiaomi rəsmi olaraq ikinci elektromobili olan YU7 krossoverini təqdim edib. Model Standard, Pro və Max olmaqla üç versiyada satışa çıxarılacaq. YU7, təkmilləşdirilmiş texniki göstəriciləri, uzun yürüş məsafəsi və müasir texnologiyaları ilə Tesla Model Y-yə ciddi rəqib kimi təqdim olunur. Bu, SU7 sedanından sonra Xiaomi-nin ikinci elektromobilidir. Beş nəfərlik YU7-nin ölçüləri 4999×1996×1600 mm-dir, təkər bazası isə 3000 mm təşkil edir ki, bu da onu Tesla Model Y-dən daha iri edir.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, standard versiya 320 at gücündə arxa ötürücülü mühərriklə təchiz olunub. Pro və Max versiyaları tam ötürücülüdür və müvafiq olaraq 496 və 690 at gücünə malikdir. İstehsalçı bu versiyaların 0-dan 100 km/saat sürətə qədər sürətlənməsini müvafiq olaraq 5.9, 4.27 və 3.23 saniyə olaraq açıqlayıb. Tesla Model Y-də bu göstərici 4.3–5.9 saniyə arasında dəyişir. YU7-nin əsas üstünlüyü isə yürüş məsafəsidir: Standard və Pro versiyaları 96.3 kilovat-saat batareya ilə müvafiq olaraq 835 və 770 km, Max isə 101.7 kilovat-saat batareya ilə 760 km məsafə qət edir. Tesla Model Y-nin maksimum yürüş məsafəsi 719 km-dir. YU7 800 voltlu platforma üzərində qurulub və batareyanı 15 dəqiqəyə 620 km məsafə üçün doldurmaq mümkündür. Tesla Model Y-də bu müddət təxminən 27 dəqiqədir.

Avtomobil NVIDIA-nın 700 TOPS gücündə Thor çipi ilə təchiz olunub və pnevmatik asqı sisteminə malikdir. Interyerdə 16.1 düym mərkəzi və 43.3 düym panoramik ekran yerləşir. Oturacaqlar Nappa dərilidir, ön oturacaqlarda masaj funksiyası var, arxa oturacaqlar tənzimlənir və fərdi iqlimə nəzarət sistemi ilə təchiz olunub. Baqaj həcmi 678 litrdir, oturacaqlar qatlandıqda bu həcm 1758 litrədək artır, ön hissədə isə 141 litrlik əlavə baqaj bölməsi mövcuddur.

Avtomobil gizli qapı tutacaqları, panoramik şüşə tavan, iki spoyler, adaptiv amortizatorlar və Brembo əyləc sistemi ilə də təchiz olunub. Təhlükəsizlik və idarəetmədə lidar, radar, HD kameralar və ultrasəs sensorları istifadə olunur.

Xiaomi qiymətləri hələ açıqlamayıb. Lei Jun-un sözlərinə görə, YU7-nin qiyməti Tesla Model Y-dən 60-70 min yuan (təxminən 8300–9700 USD) daha baha olacaq. Tesla Model Y-nin Çində başlanğıc qiyməti 263 500 yuan (təxminən 36 600 USD) təşkil edir. YU7-nin rəsmi qiymətinin iyulda açıqlanacağı gözlənilir.

SU7 sedanının uğuru sayəsində Xiaomi 2025-ci ilin birinci rübündə qlobal elektromobil bazarında 2.8% payla səkkizinci yeri tutub. Bu göstəriciyə 2024-cü ilin martından satılmış 258 000 SU7 sayəsində nail olunub.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *