Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin “Teleqraf” agentliyinin informasiya dəstəyi ilə keçirdiyi sorğunun nəticəsində “Qarabağ” klubunun portuqaliyalı yarımmüdafiəçisi Leandro Andrade bu ada layiq görülüb.
Səsvermədə bu mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş 10 komandanın heyətindəki 195 futbolçu və 10 baş məşqçidən 9-u olmaqla ümumilikdə 204 respondent iştirak edib.
Onlardan 59-u Leandro Andradeyə səs verib.
“Zirə”nin Qvineya-Bisaudan olan hücumçusu Salifu Suma 52 səslə ikinci, Premyer Liqanı tərk edən “Səbail” komandasının yarımmüdafiəçisi Rüfət Abdullazadə isə 9 səslə üçüncü yeri tutub.
Səsvermədə “Qarabağ”ın 25, “Kəpəz”in 24, “Sabah”ın 23, “Səbail”in 22, “Neftçi”nin 19, “Zirə”, “Turan Tovuz” və “Sumqayıt”ın hərəyə 17, “Araz-Naxçıvan”ın 16, “Şamaxı”nın isə 15 futbolçusu iştirak edib. Baş məşqçilərdən yalnız Kurban Berdıyev (“Turan Tovuz”) qərar verməkdə çətinlik çəkdiyini bildirib.
Respondentlər ümumilikdə 40 futbolçuya səs veriblər.
İqor Ribeyro (“Araz-Naxçıvan”) və Yassin Benzia (“Qarabağ”) hərəyə 8, Emin Mahmudov (“Neftçi”), Marko Yankoviç (“Qarabağ”) və Ruan Renato (“Zirə”) hərəyə 5, Toral Bayramov (“Qarabağ”) 4, Nəriman Axundzadə (“Qarabağ”), Abdullah Zubir (“Qarabağ”) və Rza Cəfərov (“Neftçi”) hərəyə 3, Cesse Sekidika (“Sabah”), Umarali Raxmonaliyev (“Sabah”), Davit Volkov (“Zirə”), Qismət Alıyev (“Zirə”), Edqar Adilxanov (“Şamaxı”), Rafael Məhərrəmli (“Şamaxı”), Elvin Cəfərquliyev (“Qarabağ”), Kristian Avram (“Araz-Naxçıvan”), Rauf Hüseynli (“Kəpəz”), Ağadadaş Salyanski (“Neftçi”), Əlirza Müştəbazadə (“Səbail”), Faiq Hacıyev (“Turan Tovuz”) isə hərəyə 2 səs alıb.
Məqsəd İsayev (“Zirə”), İssa Cibrila (“Zirə”), İsmayıl İbrahimli (“Zirə”), Anar Nəzirov (“Zirə”), Aydın Bayramov (“Zirə”), Coy-Lens Mikels (“Sabah”), Nicat Mehbalıyev (“Sabah”), Murad Xaçayev (“Sumqayıt”), Elvin Bədəlov (“Sumqayıt”), Leroy Mikels (“Şamaxı”), Rüfət Abbasov (“Şamaxı”), Rojerio Santos (“Kəpəz”), Denis Marandiçi (“Turan Tovuz”), Mateus Silva (“Qarabağ”), Hüseynəli Quliyev (“Səbail”), Urfan Abbasov (“Araz-Naxçıvan”) isə hərəyə 1 səs qazanıb.
Qaydalara əsasən, respondentlər öz komandaları istisna olmaqla digər 9 klubun futbolçuları arasından seçim ediblər.
Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusu İdman Araşdırmalar Mərkəzi tərəfindən 2018-ci ildən etibarən müəyyənləşdirilir. Əvvəlki mövsümlərin qalibləri aşağıdakılardır:
Cavid İmamverdiyev (2017/2018), Emin Mahmudov (2018/2019), Abdullah Zubir (2019/2020), Namik Ələskərov (2020/2021), Kadi Borges Malinovski (2021/2022) və Aleksey Kaşuk (2022/2023).
2023/2024 mövsümündə isə səsvermə keçirilməyib.