Apple videooyunlar üçün ayrıca tətbiqin istifadəyə verilməsinə hazırlaşır. Bu tətbiq iPhone, iPad, Mac və Apple TV cihazlarında əvvəlcədən quraşdırılmış olacaq. Şirkətin yeni proqramı WWDC 2025 konfransından — iyunun 9-da başlayacaq tədbirdən bir neçə gün əvvəl təqdim ediləcək. Yeni oyun mərkəzi oyunların işə salınması, nailiyyətlər, lider cədvəlləri, daxili mesajlar və digər oyun funksiyalarını birləşdirəcək. Bu, 2010-cu ildən fəaliyyət göstərən, amma oyunçular arasında geniş yayılmayan Game Center platformasının yerini tutacaq.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, yeni tətbiq oyunlarla bağlı redaksiya materiallarını, App Store bölməsini və aylıq 6.99$ dəyərində olan Apple Arcade abunəliyinin təşviqini də əhatə edəcək. Bundan əlavə, Mac üçün App Store-dan kənar yüklənmiş oyunları işə salmağa imkan verən versiya təqdim olunacaq. Oyunlar App Store-un əsas kateqoriyası olaraq qalır və platformanın gəlirinin üçdə ikisini, o cümlədən oyun içi alış-verişləri təmin edir. Son zamanlar “Resident Evil”, “Death Stranding” və “Assassin’s Creed” kimi layihələr diqqət çəkir. Apple oyun sektorundakı mövqeyini gücləndirmək üçün “Sneaky Sasquatch” oyunu ilə tanınan RAC7 Games studiyasını da alıb.

Mac versiyaları daha güclü çiplər və əməliyyat sisteminə uyğunlaşdırma alətləri sayəsində geniş dəstək qazanır. Yeni oyun tətbiqi iOS-un növbəti versiyasının tərkibinə daxil ediləcək və həmin yeniləmə bu ilin payızında yeni nəsil iPhone ilə birlikdə yayımlanacaq. Apple həmçinin Solarium kod adlı yenilənmiş interfeys, süni zəka ilə optimallaşdırılmış enerji sərfiyyatı, təkmilləşdirilmiş tərcüməçi, AirPods və Siri vasitəsilə səsli tərcümə, iki istiqamətli klaviatura (ərəb və ingilis dilləri üçün), Apple Pencil üçün virtual qələm və Wi-Fi üzərindən otellərdə sinxronlaşdırılmış giriş sistemi kimi yenilikləri təqdim etməyi planlaşdırır.