Azərbaycanda elektrik və hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri təkcə ətraf mühitin mühafizəsinə deyil, həm də bu sahədə bazarın canlanmasına səbəb olub.
My-news.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Dövlət proqramlarının idarə edilməsi şöbəsinin müdiri Vüsal Abbasov Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunan “Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı” panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə elektrik avtomobillərinin sayı 2022-ci illə müqayisədə 10 dəfə, hibrid avtomobillərin sayı isə 2 dəfə artıb.
“Bu artım avtomobil parkının yenilənməsinə də təsir edib. Əgər 2022-ci ildə yaşı 5 ilə qədər olan minik avtomobilləri ümumi nəqliyyat vasitələrinin 4,6 %-ni təşkil edirdisə, 2024-cü ildə bu göstərici 6,4 %-ə çatıb. Yəni təxminən 2 faiz bəndi qədər artım olub”.
Vüsal Abbasov qeyd edib ki, bu nəticələr Azərbaycan hökumətinin biznes reytinqi və komissiyası çərçivəsində yaradılmış alt qrupun fəaliyyəti ilə bağlıdır:
“Alt qrup 2021-ci ildən fəaliyyət göstərir və 2022–2024-cü illəri əhatə edən yol xəritələri əsasında müvafiq tədbirlər həyata keçirilib. Həmin islahatlar məhz yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində həyata keçirilib. 2023-cü ildən etibarən alt qrupun fəaliyyətinin əlaqələndirilməsi AYNA tərəfindən aparılır. 2024-cü ildə yol xəritəsinin tədbirləri icra olunub, hazırda isə 2025-ci il üzrə tədbirlər həyata keçirilir”.
Şöbə müdiri əlavə edib ki, hazırkı proqram çərçivəsində vergi güzəştlərinin 2026-cı ilə qədər qüvvədə qalması planlaşdırılır:
“2026-cı ildən sonrakı dövr üçün güzəştlərin davam etdirilib-etdirilməməsinə dair qiymətləndirmə aparılır. Yol xəritəsində nəzərdə tutulduğu kimi, vəziyyət təhlil olunaraq müvafiq təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcək”.