ABŞ-da informasiya texnologiyaları (İT) sahəsində işsizlik səviyyəsi 2025-ci ilin may ayında 5.5%-ə yüksəlib. Bu göstərici artıq ardıcıl beşinci aydır ki, artmaqdadır və ölkə üzrə orta işsizlik səviyyəsini üstələyir.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, İT sahəsində fəaliyyət göstərən konsaltinq şirkəti Janco Associates-in hesabatına əsasən, iş yerlərinin ixtisarı əsasən kommunikasiya sektoru, hesabat, monitorinq və texniki dəstək xidmətlərini əhatə edir. Hesabatda qeyd olunur ki, generativ süni zəka bir neçə ildir ki, bəzi vəzifələri avtomatlaşdırmaqla iş yerlərinə təsir göstərir. Baxmayaraq ki, rəhbərlər dəfələrlə bu texnologiyanın məqsədinin insanları əvəz etmək yox, onlara dəstək olmaq olduğunu vurğulayıblar, reallıqda fərqli tendensiya müşahidə edilir.
Son dövrlərdə daha çox şirkət süni zəka agentlərini tətbiq edərək, qərar qəbuletmə və əməliyyat proseslərini avtomatlaşdırır. Bu tendensiya isə vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər. İlk növbədə risk altında olanlar – köhnəlmiş bacarıqlara malik və kiçik və orta şəhərlərdə fəaliyyət göstərən İT mütəxəssisləridir. Əksinə, Nyu-York və Dallas kimi iri şəhərlərdə işini itirmək riski nisbətən aşağıdır.
Janco şirkətinin baş direktoru Victor Janulaitis bu barədə belə deyib:
“Şirkətlər uyğunluq tələblərini yerinə yetirmək üçün yeni işçiləri işə götürmək istəmirlər. Bu səbəbdən, xüsusilə hesabat və monitorinq sahəsində olan tapşırıqların mümkün qədər çoxunu süni zəka vasitəsilə avtomatlaşdırmağa çalışırlar”.
Digər tərəfdən, Klarna şirkətinin baş direktoru Sebastian Siemiatkowski xəbərdarlıq edir ki, “ağ yaxalı” işçilərin neyroşəbəkələrlə əvəz olunması iqtisadiyyatda potensial tənəzzülə səbəb ola bilər.
Anthropic süni zəka startapının rəhbəri Dario Amodei isə daha qəti danışır:
“Növbəti 5 il ərzində generativ süni zəka başlanğıc səviyyəli iş yerlərinin təxminən yarısını yox edə bilər. Bu isə işsizlik səviyyəsinin 20%-ə qədər yüksəlməsi ilə nəticələnəcək.”
Hazırda ABŞ-da İT sahəsindəki vakansiyaların əksəriyyəti böyük dil modelləri (LLM) üzərində işlə bağlıdır. Bununla yanaşı, blokçeyn texnologiyası və çoxkanallı ticarət sahələrinə də yüksək tələbat müşahidə olunur.