Ekspertlərin proqnozlarına əsasən, Apple-ın tamamilə çıxıntısız ekrana malik iPhone modeli istehsal etməsi təxminən 5 il vaxt aparacaq.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, şirkət bu məqsədə üç mərhələli planla, mərhələli şəkildə çatmağı planlaşdırır. Ekran texnologiyalarının inkişaf etdirilməsi Apple üçün prioritet istiqamətlərdən biri olaraq qalır. Lakin tam çərçivəsiz iPhone-un hazırlanması, şirkət pərəstişkarlarının düşündüyündən daha uzun müddət tələb edəcək. Analitiklərin bildirdiyinə görə, Apple bu ideyanı üç mərhələdə həyata keçirməyi planlaşdırır.
İlk mərhələdə dəyişikliklər artıq gələn il gözlənilir – şirkət Face ID sisteminin elementlərini optimallaşdıraraq ekranın yuxarı hissəsindəki çıxıntını kiçildəcək. 2028-ci ildə isə bu çıxıntının tamamilə aradan qaldırılması və yalnız ön kamera üçün kiçik bir dəliyin saxlanılması ehtimal olunur. Bu mərhələdə Face ID sisteminin əsas sensorlarının ekranın alt hissəsinə yerləşdirilməsi planlaşdırılır. Tamamilə çıxıntısız iPhone-un – yəni həm kamera, həm də sensorların ekranın altına yerləşdirildiyi modelin – 2030-cu ildən əvvəl təqdim olunması real görünmür. Bu proses texniki məhdudiyyətlər səbəbilə ləngiyir.
Əsas çətinliklərdən biri OLED ekranın altına yerləşdirilən ön kameranın görüntü keyfiyyətində itkilər və Face ID sisteminin bu şəraitdə dəqiq işləməsi ilə bağlıdır. Apple hər zaman yeni texnologiyaları tələsmədən tətbiq etməyə üstünlük verir və onları tam təkmilləşdirdikdən sonra istifadəyə verir. Ekspertlər qeyd edirlər ki, yaxın zamanda təqdim ediləcək iPhone 16 seriyası da dizayn baxımından ciddi dəyişikliklərə malik olmayacaq – yalnız Pro modellərdə ekran ölçülərinin azacıq böyüdülməsi mümkündür. Belə mərhələli yanaşma Apple-ın inkişaf strategiyasına xasdır. Şirkət texnoloji yeniliklərdə tədrici irəliləyişi inqilabi sıçrayışlardan üstün tutur.
