Nothing şirkəti Nothing Phone (3) subflaqman smartfonu ilə yanaşı öz ilk tam ölçülü qulaqlığını – Nothing Headphones (1) modelini təqdim edib. Bu yeni qulaqlıq, brendə məxsus şəffaf dizaynla yanaşı, genişləndirilmiş funksiyalara da malikdir.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, səs tənzimləmələri Britaniyanın Hi-Fi və Hi-End səviyyəli audio sistemləri istehsalçısı olan KEF şirkətinin mütəxəssisləri tərəfindən həyata keçirilib. Qulaqlıqda 40 mm-lik səsgücləndiricilər istifadə olunub və bu komponentlər nikel örtüklü poliuretan membranla təchiz edilib.
Nothing Headphones (1) məkan səsi (spatial audio), AAC, SBC və LDAC kimi kodekləri dəstəkləyir, həmçinin adaptiv bas gücləndirmə funksiyası ilə təchiz olunub. İstifadəçilər üçün daha dəqiq səs tənzimləməsi imkanı yaradan 8 zolaqlı ekvalayzer də mövcuddur.
Qulaqlıqda yer alan aktiv səsboğucu sistem (ANC) 2000 Hz-ə qədər tezlikləri əhatə edir və ətraf mühit səslərinin səviyyəsini 42 dB-ə qədər azaldır. Bundan əlavə, şəffaflıq rejimi istifadəçiyə ətrafdakı səsləri aydın şəkildə eşitmək imkanı verir. Qurğu Bluetooth 5.3 texnologiyası vasitəsilə səs siqnalı mənbəyinə qoşulur.
Qulaqlığın gövdəsində səs səviyyəsini tənzimləmək və musiqi idarəsini həyata keçirmək üçün düymələr və fırlanan tənzimləyici yerləşdirilib. Enerji təchizatına isə 1040 mAh tutumlu batareya cavabdehdir. Sürətli şarj texnologiyası sayəsində cəmi 5 dəqiqəlik şarj qulaqlığın 5 saatlıq iş rejimini təmin edir. Aktiv səsboğucu sistem işə salındıqda, avtonom iş müddəti 35 saata, ANC funksiyası deaktiv edildikdə isə 80 saata qədər yüksəlir.
Nothing Headphones (1) modeli 15 iyul tarixində satışa çıxarılacaq və 299 ABŞ dolları qiymətində təklif olunacaq.
