Məlumata görə, Windows 11-in növbəti böyük yeniləməsi – 25H2 versiyası ilə sistemə Microsoft Store-un standart paketlərinin silinməsi adlı daxili mexanizmə əsaslanan rəsmi tətbiq silmə aləti əlavə olunacaq.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, bu yenilik həm adi istifadəçilər, həm də İT administratorlar üçün sistemin idarə olunmasını xeyli asanlaşdıracaq.

Hazırda Windows istifadəçiləri çox vaxt silinməsi çətin olan əvvəlcədən quraşdırılmış tətbiqlərlə qarşılaşırlar. Bu tətbiqlər yalnız istifadəçi interfeysini qarışdırmaqla və tez-tez çıxan bildirişlərlə diqqəti yayındırmaqla kifayətlənmir, həm də sistem performansına mənfi təsir göstərə bilər. Onlardan qurtulmaq üçün istifadə edilən mövcud üsullar – məsələn, üçüncü tərəf skriptləri və ya PowerShell – texniki biliklər tələb edir və hamı üçün əlçatan deyil.

Bu səbəbdən, daxili tətbiqlərin silinməsi üçün rəsmi alətin təqdim olunması həm çoxdan gözlənilən, həm də olduqca vacib bir yenilik kimi qiymətləndirilir. Yeni alət artıq Windows 11 25H2-nin test versiyasında istifadəyə verilib və “Computer Configuration” > “Administrative Templates” > “Windows Components” > “App Package Deployment” yolunu izləməklə aktiv edilə bilər.

Silinməsi mümkün olan tətbiqlər arasında Camera, Sound Recorder, Windows Media Player, Xbox, Windows Terminal və Notepad kimi proqramlar yer alır. Bununla belə, əvvəlcədən quraşdırılmış bəzi xarici tətbiqlər – məsələn, LinkedIn – bu prosesdən təsirlənmir və silinmir.

Yeni alət mövcud qeyri-rəsmi metodlarla müqayisədə daha stabil və istifadəsi asandır. Gələcəkdə bu alətin artıq tətbiqlərin sistemdən təmizlənməsi üçün standart yanaşmaya çevriləcəyi gözlənilir. Silinmə prosesi siyasətin aktivləşdirilməsi və lazımsız tətbiqlərin seçilməsindən sonra baş verir. Microsoft, administratorlara bu əməliyyatı istifadəçilərin sistemə ilk daxil olmasından əvvəl həyata keçirməyi tövsiyə edir ki, minimum yayındırıcı elementlərlə daha təmiz bir istifadəçi interfeysi təmin olunsun.

Qeyd edilməlidir ki, tətbiqlər silindikdən sonra Start menyusunda işləməyən qısayollar (shortcuts) qala bilər. Bu məsələ hələ tam həll olunmayıb və gələcək versiyalarda təkmilləşdirilməsi planlaşdırılır.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *