SU7 sedanının uğurlu təqdimatından və yeni YU7 krossoverinə olan yüksək tələbatdan sonra, Xiaomi növbəti – üçüncü avtomobil modelini hazırlayır.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, bu dəfə isə şirkət tam elektrikli deyil, «range-extender» tipli hibrid güc qurğusuna malik bir avtomobil üzərində çalışır.

Çin sosial şəbəkələrində YU9 kod adı ilə tanınan bu modelin ilk casus fotoları yayılıb. Yerli KİV-in məlumatına görə, YU9 tam ölçülü SUV olacaq və iki elektrik mühərriki ilə təchiz ediləcək. Mühərriklərə enerji təmin edən generator rolunu isə 1.5 litrlik benzinlə işləyən turbo mühərrik yerinə yetirəcək.

İlkin qiymətləndirmələrə əsasən, avtomobilin ümumi gücü təxminən 400 at gücünə çatacaq. Yalnız elektrik rejimində avtomobilin təxminən 200 km məsafə qət etməsi mümkün olacaq, ümumi yürüş məsafəsi isə 1500 km-ə qədər ola bilər. Gözlənilir ki, bu model də SU7-də olduğu kimi 800 voltluq elektrik arxitekturası ilə təchiz olunacaq ki, bu da yüksək sürətli şarj imkanlarını təmin edəcək.

YU9 modelinin YU7-dən daha böyük və bucaqlı olması, həmçinin klassik iri off-road avtomobillərinə bənzər siluetə sahib olması gözlənilir. Hazırda avtomobil xüsusi örtüklə gizlədildiyindən dizayn detallarına dair rəsmi məlumat yoxdur, lakin ehtimal edilir ki, SU7 və YU7 modellərində olduğu kimi LED arxa fənərlər və kəskin konturlu ön faralar bu modeldə də qorunacaq.

Qeyri-rəsmi məlumata görə, YU9 modelinin 6 və 7 nəfərlik versiyalarının istehsalı da planlaşdırılır. Yeni avtomobil həm YU7, həm də SU7 modellərindən yuxarı seqmentdə yerləşəcək. İlkin məlumatlara əsasən, modelin başlanğıc qiyməti təxminən 360 000 yuan (təxminən 50 000 ABŞ dolları) olacaq, ən yüksək komplektasiyalı versiyanın qiyməti isə 500 000 yuana (təxminən 70 000 ABŞ dolları) qədər yüksələ bilər.

Xiaomi hələlik YU9 modelinin təqdimat tarixi ilə bağlı rəsmi açıqlama verməyib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *