«Azərbaycan Dəmir Yolları» QSC (ADY) iyulun 15-dən etibarən Bakı və Gəncə vağzalları istisna olmaqla, rayonlararası istiqamətlər üzrə vağzal və stansiyalardakı kassaların fəaliyyətini mərhələli şəkildə dayandıracaq.

My-news.az report.az-a istinadən xəbər verir ki, bu qərar kağızdan istifadənin minimuma endirilməsi, ətraf mühitə mənfi təsirin azaldılması, əməliyyat səmərəliliyinin artırılması və sərnişinlər üçün daha rahat, növbəsiz bilet alışı imkanlarının genişləndirilməsi məqsədilə qəbul edilib.

ADY, bilet satışı əməliyyatlarını daha da sürətləndirmək üçün “ADY Mobile” mobil tətbiqini və rəsmi veb-saytını (ticket.ady.az) təkmilləşdirib. Saytda inklüzivliyə də xüsusi diqqət yetirilib – “Müyəssərlik” menyusu əlavə olunaraq xidmətlərin hər kəs üçün əlçatan olması təmin edilib.

Son illərdə mobil tətbiq və veb-sayt vasitəsilə bilet alan sərnişinlərin sayı artıb. Hazırda “ADY Mobile” istifadəçilərinin sayı 250 mini ötüb. Təkcə son 6 ayda 90 minə yaxın yeni istifadəçi tətbiqi yükləyərək onun imkanlarından faydalanıb. Ötən il rayonlararası istiqamətlər üzrə səfərlərdə sərnişinlərin 70 %-i biletləri onlayn alıb. Bu ilin ilk yarısında isə bu göstərici 80 %-ə yaxınlaşıb.

Onlayn bilet satışının 24/7 aktiv olması sərnişinlərə istənilən vaxt və yerdə, həm özləri, həm də yaxınları üçün rahat şəkildə bilet almağa imkan yaradır, bu da vaxt və resurslara qənaət deməkdir.

Qeyd edək ki, Bakı və Gəncə vağzallarındakı kassalar istisna olmaqla, kağız bilet satışının cəmi 8 %-i rayonlarda yerləşən kassalar vasitəsilə həyata keçirilir. Qazax, Ləki və Ucar stansiyaları, Göynük, Qorağan, Əliabad və Göyəm dayanacaqları istifadəyə verildikdən sonra bu istiqamətlər üzrə də bilet satışı yalnız onlayn formada təşkil olunur.

Bundan əlavə, 2023-cü il iyulun 1-dən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə kağız biletlərin satışı dayandırılıb. Bu marşrutda gediş haqqı ödənişi bank kartı, “ADY Mobile” tətbiqi və ADY kartı vasitəsilə təmassız şəkildə həyata keçirilir.

Məlumatda o da qeyd olunub ki, sərnişin və yük daşımalarında kağızsız əməliyyatların tətbiqi ADY-nin prioritetlərindən biridir və bu sahədə artıq real nəticələr əldə olunub. 2023-cü ildə BMT-nin Qlobal Sazişinə qoşulan ADY, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizəyə xüsusi diqqət yetirir.

Son illərdə istifadəyə verilən “ADY Mobile” tətbiqi, “ADY Smart”, elektron portal və yüklərin elektron qaimələrlə yola salınması kimi rəqəmsal həllər əməliyyatların sadələşdirilməsinə və kağızdan istifadənin azaldılmasına yönəlib. Bununla yanaşı, hərəkət təhlükəsizliyi ilə bağlı daxili prosedurlar da tam rəqəmsallaşdırılıb.

«Kağız biletlərdən imtina həm də Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidinin real göstəricisidir», – məlumatda vurğulanıb.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *