Azərbaycan boksçusu Əminə Tağı Avropa çempionu tituluna yiyələnib.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu uğura Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən qitə birinciliyində nail olub.
Final qarşılaşmasında Əminə ermənistanlı Amest Afrikyanla üz-üzə gəlib. Rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələn boksçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun şərəfinə Novi Pazarda Azərbaycan himni səsləndirilib.
Digər qız boksçularımız da turnirdə uğurlu çıxış ediblər. Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq) və Səma Abbasova (66 kq) gümüş, Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, qızlardan ibarət millimiz Avropa birinciliyini 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Yarışın altıncı günündə isə oğlan boksçumuz Səfdər Məmmədzadə (+80 kq) adını finala yazdırıb. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə üz-üzə gələcək.
Qeyd edək ki, oğlan boksçularımızdan daha öncə Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq) və Haqverdi Həsənov (63 kq) bürünc medal qazanıblar.



