Bu il Samsung, gövdə qalınlığı baxımından Çin istehsalı qatlanan smartfonlarla uğurla rəqabət apara bildi. Lakin görünür ki, 2026-cı ildə şirkət bu sahədə müəyyən geri addım atmalı olacaq. Bu isə texniki səbəblərlə deyil, strateji və geosiyasi amillərlə bağlıdır.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, Samsung cihazların daşıyıcı gövdəsinin arxa hissəsində istifadə olunan titan materialını karbon lifli kompozit (CFRP) ilə əvəz etməyi planlaşdırır. Bu yeni material daha yüngül və eyni dərəcədə möhkəmdir, lakin titanla müqayisədə daha qalın struktur təqdim edir.
Qərarın əsas səbəbi mühəndislik deyil, qlobal siyasi vəziyyətdir. İddialara görə, bu addım Çinlə ticarət münasibətlərindəki gərginliyin artması fonunda atılır. Qeyd edək ki, titan məhsullarının əsas istehsalçısı məhz Çindir.

Digər tərəfdən, bu qərar texniki dəyişikliklərlə də əlaqələndirilir. Galaxy Z Fold 7 modelində qalınlığı azaltmaq məqsədilə əlavə sensor qatından imtina olunmuş və nəticədə S Pen stilusu ilə uyğunluq aradan qaldırılmışdı. Görünür ki, Galaxy Z Fold 8 modelində stilus dəstəyi yenidən geri qaytarılacaq.
Ekrana əlavə ediləcək qat hər nə qədər nazik olsa da, cihazın ümumi qalınlığına müəyyən təsir göstərəcək. Xoşbəxtlikdən, bu təsiri kompensasiya etmək üçün şirkət daha nazik ekran texnologiyası üzərində çalışır. Bu texniki irəliləyişlərin, qalınlıq artımının mənfi təsirlərini minimuma endirəcəyi gözlənilir.
Galaxy Z Fold 8-in təqdimatına hələ bir il qalır və bu müddət ərzində planlarda dəyişiklik ehtimalı da istisna edilmir. Hər halda, Galaxy Fold seriyası Samsung-un məhsul xəttində ən innovativ smartfonlardan biri olaraq qalır və bu seriyada daim ən qabaqcıl texnoloji həllərə üstünlük verilir.
