YouTube platforması qısa, şaquli formatda olan Shorts videolarının hazırlanmasını asanlaşdırmaq məqsədilə generativ süni intellektə əsaslanan yeni alətlər təqdim edib. Bu funksiyalar arasında fotoları videoya çevirmək, müxtəlif AI əsaslı video effektlərdən istifadə etmək və mətnə əsasən video generasiya edən AI Playground aləti yer alır.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, Google, Shorts yaradıcıları üçün süni intellektə əsaslanan üç əsas funksiyanı elan edib. Bu funksiyalardan biri statik fotonu videoya çevirməyə imkan verir – sadə bir şəkil belə video yaratmaq üçün yetərlidir. Bu cür videoların uzunluğu ilə bağlı konkret məhdudiyyətlər açıqlanmasa da, onların çox qısa olacağı ehtimal edilir.
Shorts üçün redaktə alətlərinə iki yeni AI effekti əlavə olunub. Bu effektlər videonu çəkməyə başlamazdan əvvəl seçilə bilər. Birinci effekt – “suya qərq olma” – süni intellektin real kadrlar arasında aralıq səhnələr yaratması nəticəsində obyektin sanki su altına qərq olduğu təsiri yaranır.
Effektlər bölməsinə həmçinin smartfon ekranında kobud eskiz çəkməyə imkan verən bir funksiya da əlavə olunub. Bu eskiz daha sonra süni intellekt tərəfindən parlaq və detallı təsvirə çevrilir.
Yeni GenAI alətləri arasında yer alan AI Playground platforması təkcə videolara və şəkillərə effekt əlavə etmək üçün yox, həm də tam funksiyalı məzmun yaradılması mühiti kimi təqdim olunur. İstifadəçilər burada mətn təsvirləri və ya hazır nümunələr əsasında video, şəkil və musiqi yarada bilərlər.
Yaradılmış məzmun YouTube Shorts platformasında paylaşmaq üçün istifadə oluna bilər və bu cür məzmunun süni intellektlə yaradıldığı açıq şəkildə göstəriləcək. Google-un məlumatına görə, yeni funksiyaların istifadəyə verilməsi bir neçə həftə ərzində həyata keçiriləcək. İlkin mərhələdə bu imkanlar ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada əlçatan olacaq. Gələcəkdə isə digər ölkələrdə də istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, YouTube-un Shorts üçün təqdim etdiyi GenAI alətləri hazırda Veo 2 süni intellekt modeli əsasında işləyir. Gələcəkdə bu alətlərin yeni nəsil Veo 3 modelinə keçməsi nəzərdə tutulur, lakin bu keçidin dəqiq tarixi hələ açıqlanmayıb.
