Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi baş tutub.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, püşkatma nəticəsində Azərbaycan cüdoçularının da ilk rəqibləri müəyyənləşib.
60 kq çəki dərəcəsində mübarizə aparacaq Balabəy Ağayev ilk mərhələni buraxaraq birbaşa 1/8 finala vəsiqə qazanıb. O, bu mərhələdə Konstantin Simeonidis (BƏƏ) ilə Mendsayxan Nyamsurenin (Monqolustan) duelində qalib gələn idmançı ilə qarşılaşacaq.
Eyni çəkidə tatami üzərinə çıxacaq digər təmsilçimiz Turan Bayramov da yarışa 1/8 finaldan başlayacaq. Onun rəqibi isə Sumiyabazar Enxtayvan (Monqolustan) – Yuantao Van (Çin) cütünün qalibi olacaq.
66 kq çəki dərəcəsində çıxış edən Elşən Əsədov isə 1/16 final mərhələsində yerli idmançı, Cantsandorj Unurbatla qarşılaşacaq.
Qeyd edək ki, turnir sabah – Bakı vaxtı ilə saat 08:00-da start götürəcək.
