Tesla rəhbərliyinin şərti olaraq Model 2 adlandırılan, ən əlçatan elektromobil modelinin buraxılış perspektivləri ilə bağlı ritorikası bir neçə ildir ki, davam edir və tez-tez dəyişir.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, son rüblük hesabat tədbirində Elon Musk etiraf edib ki, yeni, daha əlçatan model xarici görünüşcə Model Y-yə bənzəyir və iyunun sonunda şirkət bu modeldən bir neçə versiya istehsal etməyə müvəffəq olub.
Qeyd etmək lazımdır ki, Tesla-nın Texasdakı müəssisəsi üzərində müşahidə aparan blogerlər bir müddət əvvəl zavodun test sahəsində Model Y-yə bənzəyən, lakin daha kompakt kamuflyajlı elektromobillər qeydə almışdılar. Bununla belə, bu fərziyyə görüntünün məsafədən çəkilməsi və iqtisadi məqsədəuyğunluq baxımından sual altına alına bilər. İstehsal xərclərini azaltmaq üçün yeni modelin mövcud Model Y ilə maksimum dərəcədə unifikasiya olunması vacibdir.
Tesla tədbirdə qeyd edib: “Biz nəqliyyat vasitələrimizin çeşidini genişləndirməyə davam edirik, buna iyun ayında yığılan daha əlçatan modelin ilk versiyaları da daxildir. Bu modelin kütləvi istehsalı 2025-ci ilin ikinci yarısına planlaşdırılıb.” Bildirilib ki, cari rübdə bu modelin istehsalı hələ ki, məhdud olacaq. Texniki xüsusiyyətlər və qiymət açıqlanmayıb. Musk isə zarafatla modelin Model Y-yə bənzədiyini deməklə “böyük sirri” özü açdığını bildirib.
Şirkət nümayəndələri əlavə ediblər ki, 2025-ci ildə yeni elektromobillərin buraxılması ilə bağlı bütün planlar qüvvədə qalır. Xatırladaq ki, bu model əvvəllər tamamilə yeni platforma üzərində qurulmuş və 25 000$ qiymət həddində təklif ediləcək avtomobil kimi təqdim olunurdu. Hətta Meksikada zavod tikmək planı da vardı.
Sonradan bu ideya qismən dəyişdirildi və şirkət qərara aldı ki, Model 3 və Model Y-nin təkmilləşdirilməsi yolu ilə, yeni platforma elementlərindən istifadə olunmaqla daha əlçatan avtomobillər hazırlanacaq. Bir müddət Musk 25 000$-dan ucuz, lakin avtonom olmayan elektromobilin istehsalının mənasız olduğunu bəyan etmişdi.
Bu baxımdan, robotaksi roluna geniş baqaj bölməsi və ənənəvi idarəetmə elementləri olmayan iki nəfərlik Cybercab modelinin namizəd olduğu bildirilir. Lakin onun istehsalına yalnız gələn ildən başlanması planlaşdırılır.
Bundan əlavə, Tesla Semi elektrik yük maşınlarının kütləvi istehsalına 2026-cı ildə start veriləcək. Hazırda bu model üçün Nevada ştatında ayrıca zavod inşa olunur.
