Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək.
My-news.az Report.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsindəki məlumatlara vətəndaşın yaşayış yeri və vətəndaşlığı haqqında məlumatlar da əlavə olunacaq.
Bununla yanaşı, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) əvvəlki variantla müqayisədə yalnız ən zəruri məlumatlar saxlanılacaq.
Ailə vəziyyəti, valideynlər, uşaqlar, hərbi vəzifə və digər bu kimi məlumatlar isə artıq elektron daşıyıcıda deyil, IAMAS (İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sistemi) vasitəsilə qorunacaq. Bu məlumatların mühafizəsi kriptoqrafik üsullarla həyata keçiriləcək.

Şəxsiyyət vəsiqəsindəki məlumatların kriptoqrafik qorunması onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunmasına xidmət edir.
Qanun dəyişikliyinə əsasən, vəsiqənin verilməsi qaydalarına da yeniliklər edilib. Yaşayış yerinin dəyişməsi şəxsiyyət vəsiqəsinin dəyişdirilməli olduğu hallar sırasına daxil edilib.
Bundan əlavə, vəsiqədə və ya onun elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhvlər aşkar olunarsa, bu hallarda düzəlişlər dövlət rüsumu tutulmadan həyata keçiriləcək.
