Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO/IEC 42001:2025 – “İnformasiya texnologiyaları – Süni intellekt – İdarəetmə sistemi” adlı dövlət standartını qəbul edib.
My-news.az AZSTAND-a istinadən xəbər verir ki, yeni standart süni intellekt texnologiyalarının tətbiqində risklərin idarə olunması, etik prinsiplərə riayət edilməsi və şəffaflığın təmin edilməsi ilə bağlı tələbləri müəyyənləşdirir. Bununla yanaşı, süni intellekt sistemlərinin qurulması, tətbiqi, istismarı və davamlı təkmilləşdirilməsi üçün qabaqcıl alqoritm və yanaşmaları əhatə edir.
Yeni dövlət standartı “İnformasiya-kommunikasiya texnologiyaları” üzrə Standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 05) tərəfindən müzakirəyə çıxarılıb və təsdiqləndikdən sonra Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bu standartın qəbulu, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın icrasına dair Tədbirlər Planının 8.1.5-ci yarımbəndinin yerinə yetirilməsi məqsədi daşıyır.
