Son illər raket sistemlərini yük konteynerləri formasında maskalamaq tendensiyası geniş yayılıb. Belə bir konsepsiya daha əvvəl ABŞ-da tətbiq olunmuşdu, indi isə Türkiyə öz versiyasını təqdim edib.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, Türkiyənin silah istehsalçısı Roketsan, IDEF 2025 silah sərgisində yük konteynerində yerləşdirilən 6 ədəd ATMACA qanadlı raket buraxa bilən sistemini nümayiş etdirib. Bu versiyanın uçuş məsafəsi 400 km-dir. ATMACA raketlərinin həm yerüstü, həm də dəniz hədəflərinə qarşı versiyaları mövcuddur; sonuncular sualtı platformalardan da buraxıla bilir.

Yeni sistemin Türkiyə Hərbi Dəniz Qüvvələrinin istismarında olan Harpoon raketlərini əvəz etməsi planlaşdırılır. Kara ATMACA adlandırılan qurğu yerli KTJ-3700 mühərriki ilə təchiz olunub və 250 kq-lıq döyüş başlığı, eləcə də infraqırmızı özünətuşlama sistemi ilə hədəfi müəyyən edir. Əsas məqsədi düşmənin strateji obyektləri – hava hücumundan müdafiə batareyaları və raket kompleksləridir.
Konteynerləşdirilmiş raket sistemlərinin əsas üstünlükləri maskalanma qabiliyyəti və daşınma rahatlığıdır. Onlar standart konteynerlər kimi mülki nəqliyyatla (yük maşını, qatar, gəmi) daşına bilər. Bu, həm təhlükəsizlik, həm də çeviklik baxımından əhəmiyyətlidir.
