Meta şirkətinin rəhbəri Mark Zuckerberg, 2025-ci ilin ikinci rübünə dair maliyyə nəticələrini investorlarla bölüşərkən bildirib ki, süni intellekt əsaslı alqoritmlər istifadəçilərin Facebook və Instagram-da keçirdikləri vaxtın artmasına səbəb olub.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, süni intellekt tərəfindən yaradılmış aşağı keyfiyyətli məzmunlarla bağlı artan tənqidlərə baxmayaraq, şirkət qeyd edir ki, onun tövsiyə sistemləri istifadəçilərə daha uyğun və əlaqəli materialların təqdim olunmasında effektivliyini sübut edib.
Zuckerberg-in sözlərinə görə, alqoritmlərin təkmilləşdirilməsi nəticəsində istifadəçilərin Facebook-da keçirdikləri vaxt ötən dövrlərlə müqayisədə 5%, Instagram-da isə 6% artıb. O, süni intellektin auditoriya üçün maraqlı məzmunu daha dəqiq müəyyən etməyə imkan verdiyini vurğulayıb.
2025-ci ilin iyun ayına olan məlumata əsasən, Meta-nın xidmətlərindən — Facebook, Instagram, Messenger və WhatsApp — gündəlik istifadə edənlərin sayı 3.4 milyard nəfəri ötüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6%-lik artım deməkdir.
Şirkət eyni zamanda platformalardan əldə olunan gəlirin 47.1 milyard dollar təşkil etdiyini, bunun da ötən illə müqayisədə 22% artım olduğunu açıqlayıb. Video məzmununa olan tələbatın da artdığı bildirilir — istifadəçilərin video izləməyə sərf etdikləri vaxt illik müqayisədə 20% yüksəlib. Bu nəticə, sıralama sistemlərinin optimallaşdırılması və Instagram-da orijinal məzmunun təşviqi ilə bağlı atılan addımların nəticəsi kimi qiymətləndirilir.
Bundan əlavə, Meta Threads platformasında — X (əvvəlki Twitter) ilə rəqabət aparan sosial şəbəkədə — istifadəçi fəallığının artdığı da qeyd olunub. Şirkət bu artımı əsasən tövsiyə sistemlərini təkmilləşdirən böyük dil modellərinin (LLM) inteqrasiyası ilə əlaqələndirir.
