Qılıncoynadanlarımız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dünya çempionatında iştirak ediblər.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət millimiz yarışda 13-cü yeri tutub.
Leyla Əhmədova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət kollektiv ilk görüşdə Sinqapur yığmasına 45:33 hesabı ilə qalib gəlib. Komandamız ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada ABŞ millisinə 26:45 hesabı ilə uduzub.
9–16-cı yerlər uğrunda keçirilən görüşlərdə Misir sablyaçılarına 37:45 hesabı ilə məğlub olan komandamız Honkonq (45:39) və Ukrayna (45:44) seçmə kollektivlərinə qalib gəlib.
Qadın sablyaçıların şəxsi yarışında Palina Kaspiaroviç və Səbinə Kərimova qrup mərhələsini adlayaraq 64-lüyə yüksəlsələr də, ən güclü 32-liyə vəsiqə uğrunda keçirilən görüşlərdə məğlub olublar. Leyla Əhmədova isə mübarizəni qrup mərhələsində dayandırıb.
Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli və Abbas Hüseynovdan ibarət sablya üzrə kişilərdən ibarət komandamız isə fransalı rəqiblərinə 19:45 hesabı ilə məğlub olub.
Kişi sablyaçıların şəxsi yarışında Maqsud Hüseynli, Murad Əkbərov və Saleh Məmmədov pley-off mərhələsində məğlub olublar. Abbas Hüseynov isə qrup mərhələsini keçə bilməyib.
Kişi şpaqaçılar arasında şəxsi yarışda Ruslan Həsənov qrup mərhələsini uğurla adlasa da, 64-lüyə yüksəlmək uğrunda keçirilən pley-off qarşılaşmasında məğlub olub.
