Almaniyanın Humify startapı torpağın münbitliyinin bərpasına yönəlmiş innovativ texnologiya hazırlayıb. Bu texnologiya təbiətdə minillərlə vaxt aparan regenerasiya prosesini cəmi bir neçə həftəyə həyata keçirməyə imkan verir.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, metod “hidrotermal humifikasiya” adlanır. Bu proses zamanı üzvi tullantılar istilik, təzyiq və su vasitəsilə qidalı humin maddələrə çevrilir.
Sahə sınaqları göstərib ki, Humify tərəfindən hazırlanan süni humusun tətbiqi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 20%-ə qədər artıra bilir.
Torpaq, Yer kürəsində ən böyük təbii karbon anbarı olaraq, atmosferdəki CO₂-ni tutmaqda mühüm rol oynayır. Lakin meşələrin qırılması, bataqlıqların qurudulması və intensiv kənd təsərrüfatı kimi insan fəaliyyəti nəticəsində torpaq mikroorqanizmləri məhv olur və torpağın karbonu saxlama qabiliyyəti azalır. Bu isə torpağın emissiya mənbəyinə çevrilməsinə və iqlim böhranının dərinləşməsinə səbəb olur.
Bu problemi həll etmək məqsədilə Humify komandası – kimyaçılar, bioloqlar və mühəndislər – təxminən bir əsr əvvəl alman kimyaçısı Friedrich Bergius tərəfindən işlənib hazırlanmış Bergius–Pier prosesini təkmilləşdirməyə başlayıb. Qeyd edək ki, Friedrich Bergius bu işinə görə 1931-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdü. Əvvəllər bu proses biokütlənin neftə çevrilməsi üçün nəzərdə tutulsa da, müasir tədqiqatçılar onu süni humus istehsalına uyğunlaşdırıblar.
Humus torpağın əsas üzvi tərkib hissəsidir və bitki ilə heyvan qalıqlarının parçalanması nəticəsində yaranır. O, torpağın strukturunu yaxşılaşdırmaqla yanaşı, bitkilərin inkişafı üçün vacib olan qidalandırıcı maddələri saxlayır və su ilə mineralların torpaqda qalmasını təmin edir.
Yeni texnologiya nəticəsində torpaq daha münbit hala gəlir və mikroorqanizmlər ilə bitkilər üçün əlverişli mühit formalaşır. Aparılan təcrübələr göstərib ki, hidrotermal prosesin kimyəvi tərkibində edilən dəyişikliklər təbii humin maddələrə bənzər polimerlərin sürətli yaranmasına səbəb olur. Bu polimerlər torpaq bakteriyaları tərəfindən aktiv şəkildə qəbul edilir, mikroorqanizm fəallığını artırır və torpaq ekosistemini zənginləşdirir.
Hidrotermal humifikasiya prosesi təxminən 200°C temperaturda və aşağı təzyiqdə həyata keçirilir ki, bu da üzvi tullantıların qısa müddətdə humusa çevrilməsinə şərait yaradır.
Çində keçirilmiş sahə sınaqları bir daha təsdiqləyib ki, Humify humusunun istifadəsi kənd təsərrüfatı məhsuldarlığını 20%-ə qədər artıra bilər. Bundan əlavə, 1 hektar sahəyə tətbiq olunan 1 ton süni humin maddəsi artıq ilk il ərzində torpaqda 50 tona qədər karbonu bağlaya bilir. Bu isə atmosferə atılan CO₂ miqdarının əhəmiyyətli dərəcədə azalmasına və iqlim dəyişikliyi ilə mübarizəyə ciddi töhfə verir.
Hazırda startap texnologiyanın sənaye miqyasında tətbiqi və istehsalın genişləndirilməsi üzərində çalışır. Laboratoriya mərhələsinin uğurla başa çatmasından sonra komanda illik 3000 tona qədər biokütlə emal edə biləcək pilot qurğunun layihələndirilməsinə başlayıb.
Humify-ın texniki direktoru, kimyaçı Svitlana Filonenko bildirib ki, materialların qızdırılması və soyudulması mərhələlərində enerji sərfiyyatının optimallaşdırılması əsas prioritetlərdəndir. Bu isə süni humin maddələrinin istehsalını həm iqtisadi baxımdan sərfəli, həm də qlobal bazarda rəqabətədavamlı edir.
