1 avqust tarixindən etibarən Instagram platformasında yeni qayda qüvvəyə minib: yalnız açıq profilli və minimum 1000 izləyicisi olan istifadəçilər canlı yayım funksiyasından istifadə edə biləcəklər.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, qapalı profilli istifadəçilər, eləcə də 1000-dən az izləyicisi olan hesablar bu imkandan yararlana bilməyəcəklər. Platformanın rəsmi dəstək səhifəsində qeyd olunub: “Yalnız açıq hesaba və 1000 və ya daha çox izləyiciyə sahib Instagram istifadəçiləri canlı yayım edə biləcəklər”.
Bu dəyişiklik kiçik kontent müəllifləri, yeni başlayan blogerlər, yerli biznes sahibləri və azsaylı auditoriyaya sahib şəxslər üçün ciddi məhdudiyyət hesab olunur.
Qeyd edək ki, bu addım sosial media sahəsində ilk deyil — oxşar tələbi TikTok da tətbiq edir və canlı yayım üçün minimum 1000 izləyici tələb edir.
