Samsung şirkəti hazırda Galaxy S25 FE smartfonu üzərində intensiv şəkildə işləyir. Keçən həftə yayılan məlumata əsasən, bu modelin gözləniləndən daha tez — artıq sentyabr ayında təqdim olunması ehtimal olunur.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, indi isə insayderlər cihazın bütün əsas texniki xüsusiyyətlərini açıqlayıblar.
İnsayder məlumatlarına əsasən, Galaxy S25 FE modeli 120 Hz təsvir yenilənmə tezliyinə malik 6.7 düym ölçülü AMOLED ekranla təchiz ediləcək. Ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatələnəcək ki, bu da əlavə dayanıqlıq təmin edəcək.
Smartfon, əvvəlki model olan Galaxy S24 FE-də olduğu kimi, Exynos 2400 prosessoru ilə təchiz olunacaq. Cihaza 8 GB RAM və 128 GB və ya 256 GB daxili yaddaş variantları təqdim olunacaq.
Kamera imkanlarına gəldikdə isə, Galaxy S25 FE üçlü arxa kamera sisteminə sahib olacaq: 50 MP əsas kamera, 12 MP ultra-geniş bucaqlı kamera və 8 MP telefoto kamera. Ön hissədə isə 12 MP-lik selfie kamerası yerləşəcək.
Batareya baxımından smartfon 4900 mAh tutumlu batareya ilə gələcək. O, 45 vatt gücündə sürətli şarj texnologiyasını və 15 vatt gücündə sürətli naqilsiz şarjı dəstəkləyəcək. Bundan əlavə, cihaz IP68 standartına uyğun olaraq suya və toza qarşı dayanıqlı olacaq.
