OpenAI şirkəti ChatGPT-yə yeni bir funksiyanı əlavə edib.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, bu funksiya istifadəçilərə süni intellektlə uzunmüddətli ünsiyyət zamanı fasilə verməyin vacibliyini xatırladır. Xatırlatmalar ekranın üzərində açılan bildiriş pəncərələri vasitəsilə göstərilir və dialoqu davam etdirmək üçün istifadəçinin razılığı tələb olunur.
Yeni sistemin əsas məqsədi ChatGPT-dən istifadənin psixi sağlamlığa mənfi təsirlərinin qarşısını almaqdır. Bu qərar, süni intellektin psixi sağlamlıq üzərində potensial təsirləri ilə bağlı artan narahatlıqlar fonunda qəbul olunub.
Hələ iyun ayında The New York Times qəzetində yayımlanan bir məqalədə qeyd olunurdu ki, ChatGPT bəzən hər cür fikir və davranışlara düşüncəsiz şəkildə razı olur, hətta yalan və ya potensial təhlükəli məlumatlar təqdim edir. Bu cür hallar, xüsusilə psixi pozuntuları olan istifadəçilər üçün təhlükəli nəticələr doğura bilərdi — bəzən destruktiv dialoqlara, hətta intihar düşüncələrinin müzakirəsinə qədər aparırdı. Belə hallarda chatbot söhbətləri hər zaman vaxtında və düzgün şəkildə dayandıra bilmirdi.
OpenAI nümayəndələri bu çatışmazlıqları öz bloqlarında etiraf edərək bildiriblər ki, gələcək yeniləmələrdə ChatGPT həyati əhəmiyyət kəsb edən sorğulara qarşı daha ehtiyatlı yanaşacaq. Süni intellekt bu cür hallarda birbaşa cavab vermək əvəzinə, istifadəçidən əlavə məlumat tələb edəcək, vəziyyəti təhlil etməyə və “lehinə” və “əleyhinə” arqumentləri qiymətləndirməyə kömək edəcək.
Qeyd edək ki, bundan əvvəl OpenAI, ChatGPT-nin həddindən artıq itaətkar və hər bir fikrə düşüncəsiz şəkildə reaksiya verən davranışına görə edilmiş bir yeniləməni geri çəkməyə məcbur qalmışdı. Şirkət süni intellekti həm faydalı, həm də mehriban etmək niyyətində olsa da, bu balans bəzən dəstək və yaltaqlıq arasında təhlükəli həddə çatırdı.
Tərtibatçıların fikrincə, süni intellektlə aparılan dialoqlarda fasilələrin tətbiqi istifadəçilərə düşünmək və ChatGPT-nin cavablarının etibarlılığını qiymətləndirmək üçün əlavə vaxt qazandıracaq.
