Apple süni intellekt inteqrasiyası ilə ağıllı ev üçün yeni məhsullar təqdim etməyə hazırlaşır. Şirkət masaüstü robot, ağıllı ekran və Siri-nin animasiyalı versiyası kimi yeniliklər üzərində işləyir.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, bəzi cihazların yaxın aylarda təqdim olunacağı gözlənilir.
Bloomberg analitiki Mark Gurman-ın məlumatına görə, əsas yeniliklərdən biri iPad-ə bənzəyən, hərəkətli manipulyatora bərkidilmiş robotlaşdırılmış masaüstü köməkçidir. Bu cihaz istifadəçi ilə qarşılıqlı əlaqə quracaq, suallara cavab verəcək və otaqda hərəkət edə biləcək. Apple artıq elmi-tədqiqat layihəsi çərçivəsində bu robotun hərəkətləri təkrarlamaq və hətta rəqs etmək qabiliyyətini nümayiş etdirən prototipini təqdim edib.
Cihazın əsas xüsusiyyətlərindən biri yenilənmiş Siri olacaq. Bu versiya ChatGPT-nin səs rejiminə bənzər şəkildə daha təbii və interaktiv dialoqlara imkan yaradacaq. Apple, Siri üçün macOS sistemində istifadə olunan Finder loqosunun animasiyalı versiyasını və Memoji əsasında 3D avatarları da sınaqdan keçirir. Yenilənmiş Siri böyük dil modellərinə əsaslanacaq və köklü şəkildə yenidən işlənəcək. Masaüstü robotun 2027-ci ildə təqdim olunacağı gözlənilir.

Şirkət eyni zamanda 2026-cı ilin ortalarına qədər ağıllı ev sistemlərini idarə edən, musiqi ifa edən, qeydlər aparan və videozəng funksiyasına malik ağıllı ekran təqdim etməyi planlaşdırır. Bu cihaz da yeni Siri ilə sıx inteqrasiya olunacaq və çoxistifadəçili rejimi dəstəkləyəcək. Üz tanıma funksiyası ilə fərdiləşdirilmiş məzmun təqdim edən ekran kvadrat formaya malik olacaq və Google Nest Hub-a bənzər funksionallıq təklif edəcək.
Bundan əlavə, Apple ev təhlükəsizliyi üçün müxtəlif kameralar və Amazon Astro-ya bənzər təkərli ev robotu üzərində işləyir. Həmçinin humanoid (insanabənzər) robotların hazırlanması da ilkin mərhələdə müzakirə olunur. Bütün bu cihazlar istifadəçi məlumatlarının təhlükəsizliyi və məxfiliyinə yönəlmiş yeni aparat-proqram platformasında birləşdiriləcək.
