AFFA İcraiyyə Komitəsinin 2025-ci il fevralın 3-də qəbul etdiyi qərara əsasən, 2025/2026 mövsümündə Misli Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydanda iştirakı üçün maliyyə təşviq mexanizmi tətbiq ediləcək.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, bu təşəbbüs Premyer Liqa klublarının sifariş vərəqəsində yer alan legioner futbolçular üçün ödəniləcək rüsumlar hesabına formalaşacaq. Bonus fondu məhz həmin rüsumlardan toplanacaq və mövsüm ərzində yerli futbolçulara üstünlük verən klublar arasında bölüşdürüləcək. Yeni mexanizmə əsasən, legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi – minimum 1 000 000 manat – Premyer Liqada iştirak edən klublar arasında paylanacaq. Bununla yanaşı, mövsüm ərzində yerli futbolçuların iştirakı ilə (əmsallar nəzərə alınmaqla) ən çox xal toplayan klub əlavə olaraq 50 000 manat mükafat əldə edəcək.

Bu təşviq sistemində yerli futbolçuların meydanda keçirdiyi ümumi dəqiqə sayı əsas götürüləcək və bu göstərici Premyer Liqanın bütün klublarının ümumi yerli oyunçu dəqiqələri ilə müqayisə edilərək faiz nisbətində hesablanacaq. Qiymətləndirmə zamanı müxtəlif kateqoriyalardan olan futbolçulara fərqli əmsallar tətbiq olunacaq: əsas yaşda olan yerli futbolçular üçün bu əmsal 1.0, 21 yaş və daha gənc futbolçular üçün 1.5, klubun yetirməsi sayılan və əsas komandaya qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçular üçün isə 2.0 olacaq. Əgər bir futbolçu eyni anda bir neçə kateqoriyaya uyğun gəlirsə, onun oynadığı dəqiqələr ən yüksək əmsalla hesablanacaq.

Hesablama yalnız əsas oyun vaxtı – yəni 90 dəqiqəlik hissəni əhatə edəcək. Əlavə olunmuş vaxtda meydana daxil olan futbolçular üçün isə cəmi 1 dəqiqə qeyd ediləcək. AFFA-nın bu yeni maliyyə mexanizmi yerli oyunçulara daha çox meydan şansı verilməsini təşviq etməklə yanaşı, Azərbaycan futbolunun dayanıqlı inkişafına töhfə verməyi hədəfləyir.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *