Generativ süni intellekt həyatımızın bütün sahələrinə, o cümlədən videooyunların hazırlanması prosesinə getdikcə daha dərindən nüfuz edir. Bu barədə Google Cloud tərəfindən aparılmış son araşdırmanın nəticələri məlumat verir.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, 20 iyun – 9 iyul tarixləri arasında Googleun sifarişi ilə The Harris Poll tədqiqat şirkəti tərəfindən ABŞ, Cənubi Koreya, Norveç, İsveç və Finlandiyadan olan 18 yaşdan yuxarı 615 videooyun tərtibatçısı arasında sorğu keçirilib.

Sorğunun nəticələrinə əsasən, demək olar ki, bütün respondentlər (97%) generativ süni intellektin oyun sənayesini dəyişdirdiyi fikri ilə razılaşıb. Respondentlərin 87%-i isə bu texnologiyanı artıq öz iş proseslərinə inteqrasiya etdiklərini bildirib. Onların əksəriyyəti süni intellektin aşağıdakı sahələrdə avtomatlaşdırmanı mümkün etdiyini qeyd edib: rutin tapşırıqların yerinə yetirilməsi (95%), oyunun test edilməsi və balanslaşdırılması (47%), lokallaşdırma və tərcümə (45%), kod və skriptlərin generasiyası (44%), mətn, səs və video da daxil olmaqla müxtəlif məlumatların işlənməsi (44%) və yeni gameplay ilə hekayə ideyalarının araşdırılması (37%).

Tədqiqat nəticələri göstərir ki, tərtibatçıların 94%-i uzunmüddətli perspektivdə süni intellektin istehsal xərclərini azaldacağını gözləyir. Bununla belə, bu investisiyaların özünü doğruldub-doğrultmayacağını qiymətləndirmək bəzi respondentlər üçün çətinlik yaradır (22%). Sorğuda iştirak edənlərin təxminən üçdə ikisi (63%) müəyyən hüquqi və etik məsələlər barədə narahatlıqlarını ifadə ediblər. Bunlara süni intellekt tərəfindən yaradılmış kontentə sahiblik (32%), lisenziyalaşdırma məsələləri (32%), oyunçuların məlumatlarının məxfiliyi (35%) və ümumilikdə mülkiyyət hüquqları ilə bağlı problemlər daxildir.

Videooyun yayımçıları getdikcə daha çox süni intellektdən istifadə edərək tərtibat xərclərini azaltmağa və istehsal müddətinin uzanmasının qarşısını almağa çalışırlar. Bununla belə, generativ süni intellektin oyun sənayesində istifadəsi hələ də mübahisəli məsələ olaraq qalır. Xüsusilə keçən yay ABŞ Aktyorlar İttifaqının (SAG-AFTRA) böyük oyun şirkətlərinə qarşı keçirdiyi tətil bu sahədəki narazılıqları üzə çıxardı. Tətilin əsas səbəblərindən biri həmin şirkətlərin məhsullarında generativ süni intellektdən istifadənin tənzimlənməsi ilə bağlı idi. Demək olar ki, bir ildən sonra tərəflər yeni şərtlər üzərində razılığa gələ bildilər.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *