Xiaomi-nin prezidenti Lu Weibing açıqlayıb ki, şirkət ən gec 2027-ci ilə qədər Avropa elektromobil bazarına genişmiqyaslı şəkildə daxil olmağı planlaşdırır.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, iyul ayında Xiaomi artıq Münhendə özünün SU7 Ultra modelini rəsmi olaraq təqdim edib.
Hazırda şirkət Münhendə AR-GE mərkəzi qurur və bu mərkəzə artıq BMW-nin bəzi keçmiş yüksək vəzifəli menecerləri cəlb olunub. Xiaomi Avropanın ciddi tənzimlənən, rəqabətli avtomobil bazarına ekspansiya etmək üçün kifayət qədər inamlı mövqedə olduğunu bildirir.
Şirkətin Çində əldə etdiyi uğurlar – təkcə ikinci rübdə 80 min elektromobilin satılması və gəlirin 233% artması – bu planların reallaşdırılması üçün güclü təməl yaradır.
Lakin avtomobil istehsalı və satışı, smartfon bazarından fərqli olaraq, daha mürəkkəb və uzunmüddətli prosesdir. Avtomobillər daha uzun istifadə müddətinə malikdir və onların texniki baxım, servis və ehtiyat hissələri təminatı daha geniş infrastruktur tələb edir. Bu isə çoxsaylı diler və servis mərkəzləri ilə əməkdaşlıq, geniş təchizat zənciri və təlimli kadrların hazırlanması zərurətini doğurur. Bütün bu proseslər həm mürəkkəb, həm də maliyyətlidir.
Bununla belə, Xiaomi-nin nikbin mövqeyi onun bu sahədə özünü kifayət qədər güclü hiss etdiyini göstərir. Şirkətin bu optimizminin doğruluğunu isə yalnız zaman göstərəcək. Lakin görünən odur ki, Xiaomi Avropada rəsmi dəstəyi olmayan bir çox Çin istehsalçısından fərqli olaraq, getdikcə daha ciddi və etibarlı bir avtomobil brendinə çevrilməkdədir.
