9 sentyabr tarixindən etibarən OpenAI şirkəti istifadəçilərin sakit, balanslı və «canlı» səslənməsinə görə sevdikləri ChatGPT-nin Standard Voice rejimini tamamilə deaktiv edəcək.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, bunun əvəzində yalnız daha sürətli və ifadəli Advanced Voice Mode mövcud olacaq və bu rejim sadəcə ChatGPT Voice adlandırılacaq.
Bu qərar istifadəçilər arasında birmənalı qarşılanmayıb. Auditoriyanın bir qismi bu yeniliyi texnoloji irəliləyiş kimi qarşılayaraq məmnunluq ifadə etsə də, xeyli sayda istifadəçi narazılığını bildirib. Onların fikrincə, köhnə “Standard” səs daha təbii səslənir, insana yaxınlıq hissi yaradır və etimad atmosferi formalaşdırırdı. Yeni səs isə əksinə – çox sürətli, mexaniki və bəzən səthi təsir bağışlayır.
Bir çox istifadəçi həmçinin qeyd edir ki, Advanced Voice rejimi cavabları sözbəsöz deyil, daha sərbəst formada nəql edir. Bu isə bəzi incə məqamların itməsi ilə nəticələnir və dialoqun məntiqi axarına təsir göstərir. İstifadəçilərdən biri yazır:
“Standard səs cavabları tam ötürürdü, diqqətli və düşüncəli bir həmsöhbət təəssüratı yaradırdı. Advanced isə sanki tələsir, fikirləri qısaldır və əsas hissələri ötürür.”
Bununla belə, yeniliyi alqışlayanlar da az deyil. Onlar daha yüksək cavab sürətini və «insanabənzər» danışıq tərzini müsbət qarşılayır. OpenAI isə bunun yalnız başlanğıc olduğunu və texnologiyanın zamanla təkmilləşdiriləcəyini bəyan edib.
Buna baxmayaraq, şirkətin əvvəlki tənqidlərə cavab olaraq bəzi köhnə modelləri yenidən istifadəyə qaytardığı halları nəzərə alaraq, Standard Voice rejiminin gələcəkdə bərpa olunması ehtimalını da istisna etmək olmaz.
Beləliklə, OpenAI növbəti “texnoloji qarşıdurma”nın astanasında dayanır: bir tərəfdə sabit və tanış olanı tələb edən istifadəçilər, digər tərəfdə isə yeniliyə can atan texnologiya həvəskarları.
Sual isə açıq qalır: OpenAI bu dəfə də kompromisə gedəcəkmi?
