Süni intellektin ətraf mühitə təsiri ilə bağlı gedən mübahisələr fonunda Google öz araşdırmasını təqdim edib. Hesabatda bildirilir ki, səmərəliliyin artırılması sayəsində Gemini adlı süni intellekt köməkçisi hər bir sorğu üçün minimal miqdarda su və enerji sərf edir.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, şirkətin hesablamalarına görə, Gemini-nin orta bir mətn sorğusuna cavab verməsi üçün təxminən 0.26 millilitr su (təqribən 5 damcı) və 0.24 Vt⋅saat elektrik enerjisi (təxminən televizorun 9 saniyə işləməsinə bərabər) tələb olunur. Bu isə 0.03 qram karbon emissiyasına səbəb olur.
Lakin ekspertlər bu nəticələrin ictimaiyyəti çaşdırmağa hesablandığını düşünür. Onların fikrincə, Google hesabatda vacib detalları nəzərə almır. Məsələn, yalnız məlumat mərkəzlərinin soyutma sistemlərində istifadə olunan suya diqqət yetirilib, halbuki enerji istehsalı üçün sərf olunan – daha böyük həcmdə – dolayı su istifadəsi hesaba qatılmayıb. Kaliforniya Universitetinin dosenti Shaolei Ren qeyd edir ki, bu yanaşma “aysberqin yalnız görünən hissəsini” əhatə edir. O, həm də Google-un istinad etdiyi elmi məqalənin müəlliflərindən biridir.
Amsterdam Azad Universitetinin Ətraf Mühit Araşdırmaları İnstitutunun doktorantı Alex de Vries-Gao isə bildirib ki, məlumat mərkəzlərinin enerji təchizatında istifadə olunan mənbələr də nəzərə alınmalıdır. Onun sözlərinə görə, Google yalnız bərpa olunan enerji istifadəsi öhdəliklərinə əsaslanan “bazar” tipi karbon göstəricilərini təqdim edir. Halbuki beynəlxalq “Parnik qazları protokolu”na əsasən, daha dəqiq qiymətləndirmə üçün məlumat mərkəzlərinin yerləşdiyi ərazidəki enerji qarışığı – təmiz və çirkli enerjinin nisbəti – də nəzərə alınmalıdır.
Ekspertlər Google-un əvvəlki araşdırmalarla öz nəticələrini müqayisə etməsini də tənqid edirlər. Bildirilir ki, şirkət median dəyərlərdən istifadə edir, halbuki əvvəlki tədqiqatlarda orta göstəricilər əsas götürülüb. Bu isə “alma ilə portağalı müqayisə etmək” kimidir. Bundan əlavə, Google hesabatda sorğuların uzunluğu və ya istifadə olunan söz/token sayı barədə də məlumat paylaşmayıb. Şirkət hələlik bu araşdırmanı müstəqil rəyə təqdim etməyib, lakin nümayəndəsinin sözlərinə görə, gələcəkdə bu planlaşdırılır.
Google bildirir ki, su və enerji sərfiyyatı, eləcə də karbon emissiyası ilə bağlı daha şəffaf olmağa çalışır və bu sahədə standartlaşdırılmış ölçmə metodları təklif edir. Şirkət iddia edir ki, son bir ildə Gemini-nin enerji səmərəliliyini əhəmiyyətli dərəcədə artıraraq, bir sorğuya düşən enerji sərfini 33 dəfə, karbon emissiyasını isə 44 dəfə azalda bilib. Google-un bloqunda qeyd olunur: “Biz səmərəliliyimizin əsasını təşkil edən innovasiyalarla qürur duyuruq və qarşıdakı illərdə bu sahədə daha da inkişaf etməyi planlaşdırırıq.”
Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, səmərəliliyin artması resursların ümumi istehlakının da artması ilə nəticələnə bilər. Bu hal “Jevons paradoksu” kimi tanınır. Google-un məlumatına görə, şirkətin karbon emissiyaları 2023-cü ildə 11%, 2019-cu ildən bu yana isə 51% artıb. Bu artım əsasən süni intellekt texnologiyalarının sürətlə inkişaf etdirilməsi ilə əlaqələndirilir.
