“Sabah” klubunun hücumçusu Coy Lens Mikels Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.
My-news.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı almaniyalı legionerin yubiley qolu Misli Premyer Liqasının II turu çərçivəsində qeydə alınıb.
“Şamaxı” ilə səfər qarşılaşmasında dubl müəllifi olan Mikels ikinci qolu ilə 40-cı dəfə rəqib qapılarına yol tapıb. Azərbaycanda yalnız bir klubun – “Sabah”ın formasını geyinən futbolçu bu nəticəyə 86-cı oyunda nail olub.
Təcrübəli hücumçu Premyer Liqa tarixində 40 və daha artıq qol vuran 68-ci futbolçu kimi yadda qalıb. O, bu göstəriciyə çatan 9-cu legionerdir.
Coy Lens Mikels eyni klubda 40 və ya daha çox qol vuran 27-ci futbolçu kimi də tarixə düşüb. O, bu uğura imza atan legionerlər arasında dördüncü yerdə qərarlaşıb. Ondan əvvəl Abdullah Zubir, Reynaldo Silva (hər ikisi “Qarabağ”) və Fernando Peres (“Bakı”) bu nailiyyətə imza atıblar.
Qeyd edək ki, “Sabah” həmin səfər oyununda “Şamaxı” üzərində 2:1 hesablı qələbə qazanıb.
