Bu ay RR Auction hərracında zavod istehsalından bəri açılmamış qutuda saxlanılmış birinci nəsil iPod modeli 40 264 ABŞ dollarına satılıb.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, bu məbləğ 2001-ci ildə buraxılmış bir MP3 pleyer üçün rekord göstəricidir. Əvvəlki rekord 2023-cü ildə qeydə alınmışdı — həmin vaxt eyni model 29 000 dollara satılmışdı. Qeyd edilən qiymətə RR Auction tərəfindən tətbiq olunan 25%-lik komissiya da daxildir.
ABŞ-da orijinal iPod satışa çıxarılanda onun ilkin qiyməti 399 dollar idi. 2001-ci ilin oktyabrında Steve Jobs tərəfindən təqdim olunan bu cihaz, 1990-cı illərin sonlarında iflas astanasında olan Apple şirkətinin dirçəlməsində mühüm rol oynamışdı.

Jobs iPod-u “cibinizdə 1000 mahnı” şüarı ilə təqdim etmiş və cihazı öz cins cibindən çıxararaq auditoriyaya göstərmişdi. O zaman o belə demişdi: “iPod-un təqdimatı ilə Apple tamamilə yeni bir rəqəmsal musiqi pleyerləri kateqoriyası yaratdı. Bu cihaz bütün musiqi kolleksiyanızı cibinizə yerləşdirməyə və istədiyiniz yerdə dinləməyə imkan verir. iPod ilə musiqi dinləmək artıq əvvəlki kimi olmayacaq”.
Orijinal iPod-un qutusunda göstərilən texniki xüsusiyyətlər bunlardır:
CD-yə yaxın keyfiyyətdə 1000-dən çox mahnı saxlamaq imkanı verən 5 GB sərt disk
Litium-polimer batareya ilə 10 saata qədər fasiləsiz istifadə
Super portativ dizayn: 175 qram çəki, 1.7 sm qalınlıq, 6.4 sm en və 10.5 sm hündürlük
Mac sistemləri ilə iTunes üzərindən musiqi və siyahıların avtomatik sinxronizasiyası
Bir əllə idarə edilə bilən unikal fırlanan düymə
MP3, WAV və AIFF formatlarını dəstəkləmə
İşıqlı LCD ekran
Komplektə daxil olan aksesuarlar: iPod, Apple qulaqlıqları, FireWire kabeli və elektrik adapteri

Elə bu ay RR Auction hərracında nadir sayılan, 4 GB yaddaşa malik, zavod istehsalından bəri açılmamış orijinal iPhone modeli də satışa çıxarılıb. Bu model 2007-ci ildə təqdim olunmuşdu və daha çox 8 GB versiyası ilə tanınırdı. Həmin lot 81 989 ABŞ dollarına alıcı tapıb. Bu, orijinal iPhone üçün rekord olmasa da (indiyədək qeydə alınmış ən yüksək qiymət 190 000 dollardır), 2007-ci ildə cəmi 499 dollara satışa çıxarılan bir cihaz üçün olduqca təsirli məbləğ hesab olunur.
