Tesla, SpaceX, sosial şəbəkə X və süni intellekt şirkəti xAI-nin rəhbəri Elon Musk yeni şirkət təsis edib.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, Macrohard adlanan bu layihənin Microsoft-un birbaşa rəqibi olacağını açıqlayıb.
Musk sosial şəbəkə X-də yazıb: “Adı zarafatdır, amma layihə tamamilə realdır!” Onun sözlərinə görə, Macrohard yalnız süni intellekt tərəfindən proqram təminatının hazırlanması ilə məşğul olacaq və birbaşa xAI ilə əlaqəli fəaliyyət göstərəcək.
Musk əlavə edib ki, Microsoft kimi proqram təminatı şirkətləri fiziki avadanlıq istehsal etmədiyi üçün onların fəaliyyətini süni intellekt vasitəsilə simulyasiya etmək mümkündür.
Bir neçə həftə əvvəl xAI ABŞ Patent Bürosunda Macrohard ticarət nişanını qeydiyyatdan keçirib. İyul ayında isə Musk çoxagentli süni intellekt ilə proqram təminatı hazırlayan şirkət yaratmaq niyyətində olduğunu açıqlamışdı.
Onun sözlərinə görə, bu iş üçün yüzlərlə ixtisaslaşmış süni intellekt agenti birlikdə kod yazacaq, şəkil və video yaradacaq, həmçinin insan istifadəçilərin davranışını emulyasiya edərək proqram təminatını sınaqdan keçirəcək.
Musk əmindir ki, süni intellekt yüksək keyfiyyətli ofis proqram təminatını təkrar istehsal edə və inkişaf etdirə bilər. Bu isə birbaşa olaraq Microsoft Office-ə rəqabət deməkdir.
Bununla yanaşı, Musk süni intellekt vasitəsilə videooyunlar hazırlamaq niyyətini də açıqlayıb. Bu layihələrin istehsal bazası kimi xAI-ya məxsus Colossus superkompüteri çıxış edəcək. Musk burada milyonlarla NVIDIA süni intellekt sürətləndiricisinin quraşdırılmasını planlaşdırır.
