SpaceX şirkətinin nəhəng daşıyıcı raketi Starship, bu ilin uğursuz sınaqlar silsiləsinə son qoyaraq 10-cu test uçuşunu uğurla həyata keçirib.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, raket missiyanın əsas hədəflərinin demək olar ki, hamısını yerinə yetirib – faydalı yük imitatorlarının orbitə çıxarılması və gəminin Yer kürəsinin əks tərəfində okeana enməsi daxil olmaqla.

120 metrdən yüksək olan bu çoxistifadəli sistem Super Heavy sürətləndirici pillə və onun üzərinə quraşdırılmış Starship gəmisindən ibarətdir. Uçuş iki günlük gecikmədən sonra baş tutub: əvvəlcə yerüstü avadanlıqda nasazlıq yaranıb, daha sonra isə hava şəraiti əlverişsiz olub.

Raketin qalxışı ümumilikdə plan üzrə keçib. Sadəcə Super Heavy blokundakı 33 Raptor mühərrikindən biri vaxtından əvvəl sönüb. Ardınca Starship gəmisinin 6 Raptor mühərriki uğurla işə düşərək onu planlaşdırılmış suborbital trayektoriyaya çıxarıb.

Uçuş zamanı Starship kosmosda ilk dəfə olaraq 8 ədəd Starlink peykinin kütlə-ölçü imitatorlarını yerləşdirib. Startdan təxminən 37 dəqiqə sonra mühərriklərdən biri qısa müddətə yenidən işə salınıb. Bu sınaq daha əvvəl yalnız bir uçuş zamanı test edilmişdi və gəminin inkişafında mühüm mərhələ hesab olunur.

Starship, arxa hissəsi və qapaqlarından biri zədələnsə də, atmosferə təkrar daxil ola bilib və Hind okeanında nəzərdə tutulmuş eniş zonasına daxil olaraq yumşaq eniş həyata keçirib. Gəmi, kamera ilə təchiz olunmuş eniş zonasına düşərək mühərriklərinin üzərində enişi başa vurub, daha sonra isə gözlənildiyi kimi aşaraq partlayıb.

Bu, 2025-ci ildə baş tutan dördüncü Starship uçuşu və əvvəlki 3 uğursuz cəhddən sonrakı ilk uğurlu testdir. Həmin uğursuz uçuşlarda raket ya qalxışdan dərhal sonra dağılır, ya da kosmosda sıradan çıxırdı.

SpaceX-in fikrincə, şirkət bu uğursuzluqların səbəblərini demək olar ki, tam müəyyənləşdirib və gəminin konstruksiyasında mühüm dəyişikliklər edib. Uçuşdan əvvəl SpaceX rəhbəri Elon Musk-ın Starship-in yeni texniki xüsusiyyətlərini açıqlayacağı gözlənilsə də, bu baş verməyib.

Uğurlu Starship sınaqları SpaceX-in ən iddialı məqsədlərinə – insanı yenidən Aya aparmaq və Mars ekspedisiyası planlarına doğru vacib addım hesab olunur. Bununla belə, gəminin kosmosda yanacaqla yenidən doldurulması kimi əsas testlərindən biri hələ həyata keçirilməyib. Bu mərhələnin uğurla başa çatmaması NASA-nın “Artemis” missiyalarının vaxtında həyata keçirilməsinə təsir edə bilər.

Buna baxmayaraq, SpaceX rəhbərliyi əmindir ki, əgər amerikalılar 2027-ci ilin ortalarında Aya enə bilməsələr, bu, onların məsuliyyəti olmayacaq.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *