Kaliforniyaya məxsus idman avtomobili Denverdə süni intellektin köməyi ilə tapılıb.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, məlumata görə, sahibi maşının yerini müəyyənləşdirmək üçün Instagram-da yayımlanan şəkillərdən istifadə edib və prosesi ChatGPT ilə Google-un alətlərinin köməyi ilə aparıb.
Kaliforniyanın Orinj dairəsindən olan Andrew Garcia Huracan-ını lüks avtomobillərin oğurluğu üzrə geniş miqyaslı sxemin qurbanı kimi itirmişdi. Dələduzlar avtomobilləri icarəyə götürərək geri qaytarmır, sənədləri saxtalaşdıraraq nəqliyyat vasitələrini satırdılar. Bu sxemin nəticəsində 20-yə yaxın idman və off-road avtomobilinin sahibi zərərçəkmiş hesab olunur. Onların əksəriyyəti maşınlarını geri qaytara bilsə də, Lamborghini uzun müddət axtarışda qalmışdı.
Nəhayət, Garcia-ya Instagram vasitəsilə mesaj göndərildi. Mesajda onun əlaqə məlumatlarının avtomobildə tapıldığı və Huracan-ın satılıb-satılmadığı soruşulurdu. Həmin ismarıcla birlikdə maşının yeni çəkilmiş fotoları da paylaşılmışdı.
Bundan sonra Garcia araşdırmanı öz üzərinə götürdü. O, şəkilləri ChatGPT-ə yüklədi, Google vasitələrindən də istifadə edərək avtomobilin yerini müəyyənləşdirməyə nail oldu. Araşdırma Denverə aparıb çıxardı və polis təsdiqlədi ki, bu, həqiqətən də onun Huracan-ıdır.
Kolorado polisi Garcia-ya təşəbbüskarlığına görə təşəkkür edib. Auto Theft Prevention Authority nümayəndəsi Cale Gould bildirib:
“Bu cür məlumatların proaktiv şəkildə işlənməsi oğurlanmış avtomobillərin tapılmasına böyük kömək göstərir”.
