1 oktyabrdan etibarən ABŞ-da elektromobil alanlar üçün tətbiq olunan 7500 dollarlıq vergi güzəşti qüvvədən düşəcək.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, bu səbəbdən bir çox amerikalı vaxt itirmədən elektromobil almağa üstünlük verib və nəticədə satışlarda ciddi artım müşahidə olunub.
Proqnozlara görə, avqust ayında elektromobillərin ümumi avtomobil satışlarındakı payı 12,8%-ə çatacaq. Bu göstərici ötən illə müqayisədə 3,2% çoxdur və 2024-cü ilin dekabrındakı 11,2%-lik əvvəlki maksimumu üstələyərək yeni rekord sayılır.
Diqqətçəkən digər məqam isə odur ki, ABŞ tarixində ilk dəfə olaraq elektromobilin orta qiyməti daxili yanma mühərrikli avtomobildən ucuzlaşıb.
Avtomobil istehsalçıları alıcıları cəlb etmək üçün əlavə güzəştlər təklif edirlər. Endirimlərin məbləği 6700 dollara qədər yüksəlib ki, bu da iyul ayındakından 1500 dollar çoxdur. Nəticədə elektromobilin orta satış qiyməti 2500 dollar azalaraq 44 300 dollara enib. Müqayisə üçün, daxili yanma mühərrikli avtomobilin orta qiyməti 45 700 dollar təşkil edir.
Avqustda diler mərkəzlərindəki yeni və işlənmiş elektromobillərin ümumi sayı 197 min olub. Bu rəqəm iyul ayındakından təxminən 10 min ədəd azdır və mövcud ehtiyatların növbəti 59 günə kifayət edəcəyi gözlənilir.
Mütəxəssislərin fikrincə, ilin sonuna qədər elektromobil satışlarında azalma ola bilər. Lakin daha əlçatan modellərin bazara çıxışı ilə bu seqmentin federal dəstəyin bitməsinə baxmayaraq bərpa olunacağı gözlənilir.
Ford, Tesla, Volkswagen və Toyota kimi aparıcı şirkətlər elektromobillərin ucuzlaşdırılması istiqamətində siyasətlərini davam etdirirlər. Bununla yanaşı, batareyaların tutumu və etibarlılığının artması, yürüş məsafəsinin genişlənməsi və şarj infrastrukturuna çıxışın asanlaşması elektromobil bazarını gələcəkdə daha da gücləndirə bilər.
