Bir neçə il əvvəl elektromobil bazarının inkişaf perspektivləri ilə bağlı yaranmış eyforiya bir çox avtomobil istehsalçılarını yalnız elektrik ötürməsinə keçid üçün qısa müddətlər müəyyənləşdirməyə və batareya istehsalını öz imkanları hesabına təşkil etməyə sövq etmişdi.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, lakin bazardakı son dəyişiklikləri nəzərə alan Porsche bu sahədə strategiyasını dəyişərək istehsaldan daha çox tədqiqat və işləmələrə fokuslanmaq qərarına gəlib.

Şirkət bu həftə açıqlayıb ki, ana markanın ehtiyacları üçün kütləvi batareya istehsalı həyata keçirməli olan törəmə müəssisə — Cellforce Group bundan sonra yalnız elmi-tədqiqat fəaliyyətinə yönələcək. Bununla yanaşı, Volkswagen konserninə məxsus və PowerCo adı ilə fəaliyyət göstərən oxşar qurumda heç bir dəyişiklik planlaşdırılmır. Hətta Cellforce-dan işdən çıxarılan bəzi mütəxəssislərin PowerCo-da işlə təmin olunacağı gözlənilir.

Porsche-in batareyaları müstəqil şəkildə istehsal etməkdən imtinasının əsas səbəbləri istehsal həcmlərinin məhdudluğu və genişmiqyaslı istehsalın gətirdiyi qənaət imkanlarının olmamasıdır. Brend hər nə qədər dünya miqyasında tanınmış olsa da, kütləvi modellərin satış rəqəmləri ilə rəqabət aparmaq gücündə deyil. Bundan başqa, ABŞ və Çin bazarlarında satışların məhdudluğu şirkətin həmin regionlarda böyük həcmli batareya istehsalı planlarına arxalanmasına imkan vermir.

Eyni zamanda Porsche vurğulayır ki, şirkət heç bir halda elektromobil istehsalından imtina etmir — söhbət yalnız batareyaların öz gücü ilə istehsalı biznesindən gedir. Ötən yarım ilin nəticələrinə görə, Avropada satılan Porsche avtomobillərinin 57%-i müəyyən kombinasiyalarda elektrik mühərriklərinə malik olub. Qlobal göstərici isə 36%-dir (buraya hibrid modellər də daxildir).

Şirkət yaxın onillikdə daxili yanma mühərriklərindən tamamilə imtina etməyi planlaşdırmasa da, hibrid və elektromobil istehsalını paralel şəkildə davam etdirmək niyyətindədir. Porsche-in bütün əsas məhsul kateqoriyalarında — ikiqapılı sportkarlar, idman sedanları və krossoverlərdə — müştərilərə üç müxtəlif güc qurğusu arasından seçim imkanı təqdim olunacaq.

Bundan başqa, şirkət yaxın illərdə Cayenne və Porsche 718 modellərinin tam elektrikli versiyalarını bazara çıxarmağı planlaşdırır. Deməli, batareya istehsalından imtina qərarı markanın elektromobil çeşidinin genişlənməsinə mane olmayacaq.

Qeyd edək ki, oxşar korrektələr digər Avropa istehsalçılarında da müşahidə olunur. Artıq Volvo, Volkswagen, Mercedes-Benz, Audi və BMW elektromobilləşmə planlarını yenidən nəzərdən keçiriblər. Opel isə 2028-ci ildən Avropa bazarında daxili yanma mühərrikli modellərin satışını dayandırmaq barədə əvvəlki qərarını dəyişib. Bununla belə, Opel-in bütün modellərinin tam elektrikli versiyası da mövcuddur ki, bu da ən geniş alıcı kütləsinin tələblərinə cavab verməyə imkan yaradır.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *