Qlobal ağıllı saat bazarında qüvvələr nisbəti dəyişib.
My-news.az Donanimhaber-ə istinadən xəbər verir ki, Counterpoint Research-in 2025-ci ilin ikinci rübünə dair hesabatına görə, Huawei ilk dəfə olaraq Apple-ı geridə qoyaraq liderliyə yüksəlib.
Şirkətin uğurunda əsas rol Çin bazarının böyüklüyü, geniş məhsul çeşidi və smartfon-IoT inteqrasiyasının gücləndirilməsi oynayıb. Huawei-nin tədarükləri bu dövrdə 52 faiz artıb, satışların 75 faizindən çoxu məhz Çindən gəlib. Bununla yanaşı, EMEA və Asiya-Sakit okean regionlarına genişlənmə də artımı dəstəkləyib.
Apple isə əks tendensiya nümayiş etdirib. Şirkətin tədarükləri 3 faiz azalıb və bu, ardıcıl yeddinci rübdə geriləmə deməkdir. Buna baxmayaraq, Apple dəqiq sağlamlıq monitorinqi və sadiq iOS istifadəçi bazası hesabına premium seqmentdə mövqeyini qoruyub saxlayır.
Digər istehsalçılardan Xiaomi sərfəli modelləri ilə 38 faiz, uşaqlar üçün ağıllı saatları ilə tanınan imoo isə 21 faiz artım əldə edib. Əksinə, Samsung gözləntiləri doğrultmayan Galaxy Watch 7 səbəbindən 3 faizlik geriləmə yaşayıb.
Counterpoint-in proqnozuna görə, 2025-ci ildə qlobal ağıllı saat bazarı ümumilikdə 3 faiz böyüyəcək.

